Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən “Mədəni irsimizin səsi” layihəsinə başlanılıb.
Layihədə pilot region kimi ilkin olaraq Füzuli rayonu seçilib. Rayonun Babı kəndi yaxınlığında yerləşən XII-XIII əsrlərdə tikilmiş Şeyx Babı türbəsi, Əhmədalılar kəndindəki XIII əsrə aid Əhmədalılar türbəsi, Bəhmənli kəndində XIX əsrdə inşa olunan məscid binası, Aşağı Əbdürrəhmanlı kəndindəki qədim kəhriz, erməni işğalçıları tərəfindən güllələnmiş qədim kənd məzarlıqları və s. tarixi mədəni abidələr haqqında məlumatları özündə əks etdirən videoçarx hazırlanır.
Layihənin məqsədi həm sovet dövründə, həm də Qarabağ müharibəsi zamanında bədnam ermənilər tərəfindən tarixi mədəni abidələrimizə qarşı həyata keçirilən vandalizm, mənimsəmə faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.
Artıq Füzuli rayonunun Böyük Bəhmənli, Babı, Əhmədalılar və Aşağı Əbdürrəhmanlı kəndlərində çəkilişlər başa çatıb.
Layihənin əsas eksperti özbəkistanlı tədqiqatçı alim Şöhrət Barlasdır. Videomaterialın yaxın zamanda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.