Azərbaycana gələn səyahət həvəskarlarının ən çox maraq göstərdikləri milli koloritli məhsulların siyahısında ilk üç yeri xalçalar, armudu stəkanlar və kəlağayılar tutur.
Suvenir və digər məhsulların istehsalı ilə məşğul olan özəl firmalarla işləyən “Ailə Biznesinə Asan Dəstək” (ABAD) təşkilatının mütəxəssisləri turistlər arasında ən populyar məhsulların reytinqini tərtib ediblər. Siyahı təşkilatın Bakıda, eləcə də Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən dekorativ-tətbiqi sənət məmulatı və suvenir məhsulları satışı məntəqələrindən daxil olan məlumata əsasən tərtib edilib.
İlk onluğa neftlə çəkilən tablolar, dekorativ tərtibatlı suvenirlər, oyma naxışlı şahmat və mücrülər, maqnit və breloklar, şamdan və təsbehlər, araqçın və saxsı qablar da daxil olub. Lakin miniatür xalçalara, əllə naxışlanmış armudu stəkanlara və kəlağayılara alıcılar arasında daha çox tələbat var.
ABAD-ın Dekorativ-tətbiqi sənət departamentinin rəhbəri İradə Əmiraslanovanın sözlərinə görə, Şərq ölkələrindən gələn qonaqları ilk növbədə naxışlı armudu stəkanlar maraqlandırır, avropalılar əsasən miniatür xalçaları satın alırlar. Türkiyəli qonaqlar bizim miniatürləri, xüsusən də zərrəbin altında mücrü üzərində çəkilmiş miniatürləri sevirlər. Latın Amerikası, Meksika, Argentina və Braziliyadan olan turistlər şəbəkə işləməli zərgərlik məmulatına üstünlük verirlər. Azərbaycana gələn qonaqların suvenir məhsulları almaq üçün əsas üz tutduqları məkan İçərişəhərdir.