Ölkəmizdə davamlı inkişaf prosesinin ümumi mənzərəsini, sosial-iqtisadi, mədəni və digər sahələrdə islahat və yeniləşməni bu gün bütün şəhər və rayonlarda, paytaxtdan ucqarlaradək hər yerdə görüb müşahidə etmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bakı şəhərinin Pirallahı rayonunda abadlıq-quruculuq işləri ilə tanış olduqdan sonra bu fikri bir daha vurğulayıb. Dövlət başçısı sakinlərlə görüşdə bildirib ki, son illərdə görülən işlər sayəsində paytaxtın bu rayonunun da siması dəyişib. İnfrastruktur layihələri icra edilir, iş yerləri yaradılır: “Yəni, bu onu göstərir ki, biz həm iş yerlərinin yaradılması istiqamətində uğurlara nail oluruq, həm də abadlıq işləri aparılır. İctimai zonalar, parklar salınır, vətəndaşlar üçün, istirahət etmək üçün gözəl imkanlar var”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda bir sıra obyektlərin açılışında iştirak ediblər.
Rayonda yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilib. Mərkəzin üçmərtəbəli binasında Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Mərkəzdə eyni zamanda akt zalı, elektron oxu və nikah zalları, robopark, rəsm, keramika-heykəltəraşlıq, fotostudiya, “bacarıqlı əllər” dərnəkləri və sərgi salonu yaradılıb. Burada gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsinə xüsusi önəm veriləcək.
Son illər ölkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq yeni parkların yaradılması, mövcud istirahət məkanlarının isə müasir səviyyədə yenidən qurulması geniş vüsət alıb. Bu işlər paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahətinin hərtərəfli təşkili baxımından böyük rol oynayır. Bütün bunlar, eyni zamanda Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.
Pirallahı rayonundakı “Mirvari” park kompleksi ilə tanışlıq zamanı burada yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, beş hektar sahəsi olan kompleksdə uşaqlar üçün mini futbol və iki oyun meydançası, müxtəlif attraksionlar, yelləncəklər, idman qurğuları və s. quraşdırılıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunan bu istirahət guşəsində eyni zamanda müxtəlif tədbirlərin keçirilməsi üçün səhnə inşa edilib.
Dövlətimizin başçısı və birinci xanım parkda Qarabağ müharibəsi əlillərinin “ASAN Xidmət”in “Ailə Biznesinə Asan Dəstək” proqramı çərçivəsində nümayiş etdirilən rəsm əsərlərindən və müxtəlif səpkidə dekorativ əl işlərindən ibarət sərgiyə baxıblar.
İstirahət məkanında ahıllar üçün mərkəz də fəaliyyət göstərir. Mərkəz Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 2019-cu ilin iyun ayında imzaladığı sərəncama əsasən yaradılıb. Burada hər gün sosial yardıma ehtiyacı olan 50 ahıla növbəlilik əsasında pulsuz xidmət göstəriləcək.
Sakinlər dövlət başçısı və birinci xanıma rayonda həyata keçirilən quruculuq-abadlıq işlərinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda “Nərəkənd” balıqyetişdirmə kompleksi layihəsi çərçivəsində yaradılan “NərəMİZ” balıqyetişdirmə zavodunun istehsalat prosesi ilə də tanış olublar.
Kompleks çərçivəsində açıqtipli ferma, mehmanxana, yaxt-klub və kotteclər də layihələndirilib.
Dövlət başçısı və xanımı rayonda qəzalı binaların sakinləri üçün inşa edilən kompleksə gələrək binalardakı mənzillərdə yaradılan şəraitlə, rayon İcra Hakimiyyəti üçün inşa edilən bina ilə də tanış olublar. Həmçinin YAP Pirallahı rayon təşkilatının yeni inzibati binasının açılışı olub.