2019-cu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib. Bu, 2018-ci ilin iyul ayına nisbətdə 10,6% artım deməkdir.
Bu barədə Dövlət Turizm Agentliyindən verilən məlumatda bildirilir. Bu müddətdə Azərbaycana gələnlərin üçdəbirindən çoxunu (35%) Rusiya vətəndaşları təşkil edib. 2018-ci ilin eyni ayı ilə müqayisədə Rusiyadan 11 min və ya 10% çox qonaq gəlib.
Ötən ilin iyul ayı ilə müqayisədə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub: 12 min və ya 26% çox. Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq 29 minə çatıb.
Ümumilikdə cari ilin yanvar-iyul aylarında Azərbaycana 1,8 milyon xarici vətəndaş səfər edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7,4% çoxdur.