Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Klassik musiqisevərlər klubu” mütəmadi olaraq maraqlı tədbirlərin, sənət görüşlərinin təşəbbüskarı olur.

Avqustun 7-də muzeyin filialı olan Niyazinin mənzil-muzeyində keçirilən növbəti  tədbir də yaddaqalan oldu. Görüşün qonağı ABŞ-da yaşayan soydaşımız, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova idi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova iştirakçıları salamlayaraq söylədi ki, muzeylər üçün yay tətili anlayışı yoxdur. Elə paytaxt əhalisinin əksəriyyətinin istirahətdə və şəhərdən kənarda olmasına baxmayaraq, maestronun mənzil-muzeyinə xeyli musiqisevər toplaşmışdı. Alla Bayramova görüşün səbəbkarını toplaşanlara təqdim edərək bildirdi ki, Nərgiz Əliyarova hazırda Nyu-York şəhərində də öz ifaçılıq və pedaqoji fəaliyyətini davam etdirir, Azərbaycan  musiqisi və mədəniyyətinin təbliği ilə məşğul olur.

Sonra Nərgiz Əliyarovanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edərək  Nərgiz Əliyarovanın həyat və yaradıcılığı barədə danışdı. Onun ilk dəfə 9 yaşında böyük səhnədə çıxış etməsi, ifaçılıq fəaliyyəti ilə yanaşı sənətşünas kimi elmi araşdırmalar aparması, beynəlxalq aləmdə Azərbaycan ifaçılıq məktəbini layiqincə təmsil etməsindən bəhs olundu.

Sonra Nərgiz Əliyarova görüşə görə təşəkkür edərək Niyazi ilə bağlı xatirəsini danışdı. Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti, Niyazinin idarəsi ilə 15 yaşındakı ilk çıxışını hələ də yaradıcılıq karyerasının ən işıqlı məqamı kimi qeyd etdi.

Gözəl pianoçu olmaqla yanaşı, həm də maraqlı həmsöhbət olan Nərgiz Əliyarova ABŞ-dakı fəaliyyətindən söz açdı: “Nyu-Yorka gedəndən iki ay sonra anladım ki, burada mənə heç kim yol göstərməyəcək və kömək etməyəcək. Hər işi sıfırdan və özüm başlamalıyam. “Milli musiqi və qlobal mədəniyyət” cəmiyyətinin təməli belə qoyuldu. ABŞ-da yaşayan sənətçi dostlarımla birləşib bu işə başladıq. Bilirsiniz, sıravi amerikalılar Azərbaycanı o qədər də yaxşı tanımırlar və ümumiyyətlə, coğrafiyanı pis bilirlər. Bakı, Xəzər, neft kəlmələri də Azərbaycanı tanıtmağa kifayət etmir. Yalnız Rusiya ilə İran arasında ölkə dedikdə təəssürat yaratmaq olur. Lakin konsertlərimizdə Azərbaycan musiqisini dinlədikdən sonra onlar ölkəmizlə maraqlanmağa başlayırlar. Mən konsertlərdə çıxış edərkən çalışıram ki, ifadan əvvəl tamaşaçılara mütləq Azərbaycan barədə ingilis dilində məlumat verim. Bir sıra tədbirlərimizi keçirməkdə Azərbaycanın Mədəniyyət Nazirliyi və Diasporla iş üzrə Dövlət Komitəsi də bizə dəstək olur və buna görə  minnətdaram”.    

Nərgiz Əliyarovanın tələbəlik rəfiqələri – musiqişünas Səadət Səfərova, tanınmış pianoçu, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova isə konservatoriyada təhsil aldıqları, eyni kafedrada çalışdıqları zamanlar, həmin illərlə bağlı maraqlı məqamları və xatirələrini bölüşdülər. Nərgiz xanım da Nyu-Yorkda Bakı, Xəzər üçün, buradakı dostlar üçün çox darıxdığını etiraf etdi: “Darıxsam da, düşünürəm ki, mən orada Azərbaycan üçün daha faydalı işlər görürəm. Bakıda Azərbaycan musiqisini ifa etmək yaxşıdır. Amma Birləşmiş Ştatlarda bizim milli bəstəkarlıq məktəbini tanıtmaq, təbliğ etmək artıq bir missiyadır. Mən orada çoxdan mühacirət etmiş Azərbaycan sənətçiləri ilə ünsiyyət qurmuşam. Onlar haqqında Bakıda nəşr olunan dərgilər üçün yazılar hazırlayır, müsahibələr alıram. Yaxın zamanlarda cəmiyyətimizin digər ştatlarda şöbələrini yaratmaq fikrindəyik. Sevinirəm ki, bizim konsertlərə gələn, Azərbaycan mədəniyyəti ilə ünsiyyət quran nə qədər insan ölkəmizlə maraqlanır. Təxminən iyirmi nəfər şəxsən mənim özümə Azərbaycana səfər etməyi planlaşdırdığını deyib. Kiçik də olsa, bu, bizim uğurumuzdur”.

Nərgiz xanım söhbətlərin arasında F.Şopenin fortepiano musiqisindən seçmələri və Q.Qarayevin “Yeddi gözəl” baletindən Gözəllər gözəlinin adajiosunu ifa etdi.

Görüşün sonunda Alla Bayramova qonağa Qara Qarayevin Bakı, Moskva və Leninqrad şəhərlərində teatrlarda səhnələşdirilmiş tamaşalara yazdığı musiqilərdən ibarət 2 cildlik not kitabını hədiyyə etdi. Üstəlik, hər kitabdan iki nüsxə verərək, “biri - şəxsən sizin, biri də tələbələrinizin” deyə vurğuladı. Bu hədiyyədən çox məmnun olduğunu deyən Nərgiz Əliyarova da öz disklərini muzeyə bağışladı.

Sonda “Klassik musiqisevərlər klubu”nun üzvləri qonaqla birlikdə xatirə şəkli çəkdirdilər.

G.MİRMƏMMƏD