Riqada 2-ci Beynəlxalq Tətbiqi Sənət Festivalı və Latviyanın tətbiqi sənət ustaları Yuli Maderniyeks (1870-1955) və Yulius Straumeyə (1874-1970) həsr edilmiş “İki Yuli. Straume” mövzusunda konfrans keçirilib.
Tədbirdə “NUR Art House” qalereyasının direktoru, “Azərbaycan xalçaçıları” İctimai Cəmiyyətinin sədri, Əməkdar mədəniyyət işçisi Röya Tağıyeva iştirak edib.
Onun sözlərinə görə, festival 2009-cu ildən “Straume” devizi altında keçirilir. Bu rəmzi axın latış xalq ənənələrini, onların variasiyalarını, Şərq xalça kompozisiyaları və naxışları, çiçəkləri, bitkiləri, quşları və rəssamların işlərində öz əksini tapmış digər üslub formalarını əhatə edir.
Festival çərçivəsində keçirilmiş beynəlxalq elmi konfrans bu sənətkarların şəxsiyyətinə, onların yaradıcılığına və mədəni irslərinin transformasiyasına həsr edilib. Konfransa Latviya, Azərbaycan, Gürcüstan, İran və Rusiyadan olan mühazirəçilər qatılıb.
Röya Tağıyeva konfransda “Yulius Straumenin Azərbaycan xalça sənətinin inkişafında rolu” adlı məruzə ilə çıxış edib. Məruzədə tanınmış latış rəssamı və dekorativ-tətbiqi sənət bilicisinin Azərbaycan xalçalarına yüksək qiymət verməsi qeyd edilir. Məruzədə Yulius Straumenin Azərbaycan xalçalarına dair araşdırmalarından, onun albomları və Azərbaycan kompozisiyası ənənələrinin (çeşnilərin) millimetrlik çertyojlara texniki üsulla köçürülməsi ideyası sayəsində xalçalarımızın zəngin çeşidinin qorunub saxlanılmasından bəhs olunur.