Şeir dilimizin formalaşmasında musiqi müstəsna rol oynayıb. Şeirimizin ahəngdarlığı dilin şirinliyi və musiqimizin ecazkarlığı ilə əlaqəlidir. Klassik şairlərimiz ölməz lirik əsərləri ilə sanki Azərbaycan sözlərinin, səslərinin musiqisini kəşf edib, poeziyamıza dünya şöhrəti qazandırıblar. Ədiblərimizin nəsr əsərlərinin özündə də daxili bir ahəng parlaq şəkildə təzahür edir.

Qəzəli sevdirən həm də musiqinin ecazkarlığıdır. Həm qəzəl, həm də qoşma və başqa növlər musiqi ilə əlaqədar olduğundan o zamanlar həmin janrlarda yazıb-yaratmaq xalqla, onun həyatı və dili ilə yaxınlığa daha artıq imkan verirdi. Heç şübhəsiz, şeir dilimizin tarixən cilalanması və inkişafında muğamatın və aşıq musiqisinin rolu çox böyük olub.

Bu fikirlər mərhum professor, filologiya elmləri doktoru Arif Məmmədovun yenicə çapdan çıxmış “Azərbaycan poeziyasının musiqi ilə qarşılıqlı əlaqəsi problemləri” kitabında yer alıb.

Arif Məmmədov 1972-ci ildə bu mövzuda doktorluq dissertasiyası müdafiə edib. Vaxtilə bu tədqiqatı görkəmli alimlər Mir Cəlal Paşayev, Mehdi Məmmədov, Cəfər Cəfərov, Mirzağa Quluzadə, Bəkir Nəbiyev, Vasim Məmmədəliyev müsbət qiymətləndiriblər.

Əsərin birinci fəslində şeir və musiqi sənətinin yaxınlığını geniş təhlil edən müəllif digər fəsillərdə Azərbaycan xalq şeiri və musiqisinin qarşılıqlı əlaqəsini, aşıq sənətinin spesifik xüsusiyyətlərini araşdırıb, “Kitabi-Dədə Qorqud” dastanının musiqi ilə əlaqəsi məsələsinə aydınlıq gətirib.

Klassik ədəbi və musiqi irsimizdən bəhs edən müəllif Şərqin böyük dahilərindən Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Seyid Əzim Şirvani və digərlərinin ədəbi irsini araşdıraraq onların musiqi ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Kitabın “XX əsr Azərbaycan şeiri və musiqimiz” adlı fəslində müəllif “Mirzə Ələkbər Sabir şeirinin musiqililiyi və şairin musiqiyə münasibəti” mövzusuna xüsusi yer ayırıb.

Nəşrin elmi məsləhətçisi Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, redaktoru həmin kafedranın professoru Nəsrulla Məmmədovdur. Onlar həmçinin kitaba ön söz yazıblar.