Yaponiya jurnalı ölkəmizdən yazır
Azərbaycanın Yaponiyadakı səfirliyinin və GUAM təşkilatının təşəbbüsü ilə iyunun 23-dən 29-dək Yaponiya media nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri təşkil edilib.
Press-tur ilə bağlı təklif ötən ilin sentyabrında BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində GUAM+Yaponiya xarici işlə nazirləri görüşündə gündəmə gəlib və Yaponiya tərəfindən dəstəklənib.
Səfərdə Yaponiyanın məşhur turizm nəşrlərindən olan “Dünyanın innovativ şəhərlərinə tur” (“Touring Innovative Towns of the World”) jurnalının və “Kyodo News” informasiya agentliyinin nümayəndələri iştirak ediblər. Səfərin yekunu olaraq jurnalda ölkəmiz və Bakı haqqında məqalə dərc edilib.
Məqalədə Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti, təbiəti, tarixi və mətbəxi haqqında məlumatlar yer alıb. Qeyd olunur ki, Xəzər dənizinin sahillərində yerləşən Bakı özündə Şərq və Qərb mədəniyyətini birləşdirir. Həmçinin məqalədə Bakının görməli yerləri barədə məlumatlar verilib.
Yazıda Azərbaycanın turizm infrastrukturu, müasir hotellər şəbəkəsi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, eləcə də yapon turistlər üçün Azərbaycana viza almağın rahatlığı barədə söz açılır.