Tanınmış azərbaycanlı alim Qulamhüseyn Əliyevin “Azərbaycan-özbək ədəbi əlaqələri” (1920-1960-cı illər) kitabı Azərbaycan və özbək dillərində çap olunub.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə çap edilən kitabı özbək dilinə mərhum şair və tərcüməçi Usman Kuçkar çevirib.
Layihənin rəhbəri AMM-in direktoru Samir Abbasov, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva, redaktoru professor İlham Rəhimlidir. Kitabda 1920-ci ildən 1960-cı ilədək Azərbaycan-özbək əlaqələri ətraflı təhlil edilir. Topluda ədəbi əlaqələrimizin klassik dövrü də tədqiq olunur. Qeyd edilir ki, ədəbi əlaqələrin tarixi böyük Azərbaycan şairi Nizami Gəncəvinin dövründən başlayır, tanınmış özbək şairi Əlişir Nəvainin dövründə davam edir.
Qulamhüseyn Əliyev dəfələrlə Səmərqənd və Buxara şəhərlərində olub, bir müddət Daşkənddə yaşayıb və Özbəkistanda alimin çoxlu dostları olub, bu dildə səlis danışıb.
Daşkənddəki AMM-də kitabın təqdimatı keçirilib. Tədbirdə filoloq, tərcüməçi Babaxan Şərif iki xalqın ədəbi əlaqələrindən söz açıb, bu əlaqələrin Qulamhüseyn Əliyevin tədqiqat əsərində elmi cəhətdən geniş araşdırıldığını söyləyib, kitabın gələcək nəsillər üçün faydasından bəhs edib.
Özbəkistanın Xalq şairi Qafur Qulamın qızı, şairin adını daşıyan ev-muzeyinin direktoru Almaz Qulamova çıxış edərək Qulamhüseyn Əliyevin və digər azərbaycanlı ədəbiyyatşünasların atası ilə əlaqələrindən danışıb.
Sonra AMM-in sifarişi ilə çəkilən, iki xalq arasında əlaqələrdən bəhs edən “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib.
Daha sonra elmi tədqiqat əsərinə dair müzakirələr aparılıb. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Gülbahar Aşurova, Özbəkistan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun dosenti Gülnaz Səttarova, Biruni adına Daşkənd Şərqşünaslıq Universitetinin professoru Atxambek Olimbekov, Özbəkistanda yaşayan azərbaycanlı alim Almaz Məcidova xalqlar arasında dostluq körpüsü yaradan Qulamhüseyn Əliyev kimi alimlərin xidmətlərini yüksək qiymətləndiriblər.
Kitabın tərtibçisi – Qulamhüseyn Əliyevin qızı, “Mədəniyyət.AZ” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva çıxış edərək nəşrin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. O, atasının tez-tez Özbəkistana səfərə getdiyini, evlərində özbək musiqisinin səsləndiyini, Özbəkistandan gələn qonaqların olduğunu, böyük özbək şairi Qafur Qulam, Maqsud Şeyxzadə və başqaları haqqında söhbətləri xatırladığını deyib. “Özbəkistan atam üçün ikinci vətən idi” deyən Z.Əliyeva tədbirdə çıxış edənlərin atası haqqında dedikləri xoş sözlərə görə çox təsirləndiyini söyləyib, hər kəsə minnətdarlığını bildirib.