Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə göstərici daha aşağıdır

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmənin nəticələrini avqustun 20-də elan edib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1359 nəfər, o cümlədən 1232 nəfər subbakalavr (müvafiq kollecləri yüksək göstəricilərlə bitirərək birbaşa ali məktəbə daxil olanlar) qəbul olunub.

Beləliklə, hər iki mərhələdən sonra ali təhsil müəssisələrinə 43480 (o cümlədən 4774 subbakalavr) nəfər qəbul olunub ki, bu da ümumi yerlərin 91,03 faizi deməkdir. 17947 (o cümlədən 632 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25533 (o cümlədən 4142 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Subbakalavrlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul ola biliblər.

Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 %, 20 ali təhsil müəssisəsində 90%-dən, 9 ali təhsil müəssisəsində 80%-dən çox dolub.  Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 70%-dən çox dolub.

Xatırladaq ki, I mərhələdən sonra qəbul olunanlar avqustun 27-dək, boş qalan yerlərə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.