Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr 2019-cu il tarixində VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Paytaxtımızda ilk beynəlxalq kitab sərgisi 2009-cu ildə təşkil olunub. Tədbir ənənəvi olaraq iki ildən bir keçirilir. 2011, 2013, 2015 və 2017-ci illərdə Bakıda gerçəkləşən beynəlxalq sərgi-yarmarkalarda onlarla ölkədən müvafiq təşkilatlar, nəşr evləri, yazarlar iştirak edib.
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakla əlaqədar 56 yerli, 30 xarici təşkilat (nəşriyyat, kitab evi, universitet və s.) qeydiyyatdan keçib.
Ənənəvi olaraq Bakı İdman Sarayında təşkil olunacaq sərgidə Türkiyə, Rusiya, İran, ABŞ, Ukrayna, Hindistan, Misir və s. ölkələrin təmsilçiləri nəşr məhsullarını Azərbaycan oxucusunun diqqətinə təqdim edəcək.
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 kv.m-dək) və avadanlıqlar ödənişsiz veriləcək.
İştirakçılar çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.