Avqustun 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub.
Kitabxananın direktoru Mayıl Əhmədov qonağı salamlayaraq İrəvan xanlığının tarixindən söz açıb. Bildirib ki, XVIII əsrin ortalarında qurulan İrəvan xanlığının Azərbaycanın dövlətçilik tarixində məxsusi yeri var, xanlığın yarandığı ərazi qədim türk-oğuz yurdudur. İrəvan şəhəri Azərbaycanın qədim elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olub.
Direktor onu da vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyası, xanlığın tarixinə, mədəni irsinə dair müxtəlif dillərdə broşürlər çap edilib.
2013-cü ildə “İrəvan şəhəri” portalı yaradılıb. Kitabxananın əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu elektron resurs Azərbaycan və rus dillərindədir. 2013-cü ildə Prezident Kitabxanasında təşkil edilən “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” sərgisində İrəvan xanlığı ərazisində, xüsusilə də İrəvan şəhərində dağıdılan tarixi-memarlıq abidələrinin təsvirləri nümayiş etdirilib.
Diqqətə çatdırılıb ki, hazırda Almaniyada yaşayan Amir Əli Sərdari İrəvani İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsidir. İrəvanın bir şəhər kimi çiçəklənməsi Hüseynəli xan və onun övladlarının hakimiyyəti dövrlərinə təsadüf edir. Bu gün İrəvanda yaşı 250 ildən artıq olan yeganə tarixi-memarlıq abidəsi Göy məscid kompleksidir. Həmin kompleks məhz Hüseynəli xanın dövründə 1760-1765-ci illərdə inşa edilib. Ermənilər tərəfindən dağıdılmış Xan sarayının (Sərdar sarayı) Güzgülü salonu və Xan bağındakı Yay köşkünü 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan inşa etdirmişdi.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Əmir Əli Sərdari Bakıya “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadənin dəvəti ilə gəlib. Görüşdə İrəvan xanlığı və İrəvan şəhəri haqqında tədqiqat aparan və əsərləri çap olunan alimlər, həmçinin Hüseynqulu xanın nəslinin Bakıda yaşayan nümayəndələri iştirak ediblər. Bildirilib ki, onların öz nəsilləri haqqında topladıqları məlumatları bir-biri ilə mübadilə etmələri və sonradan həmin məlumatların bir yerdə toplanılaraq tədqiqatçıların ixtiyarına verilməsi çox faydalı olardı.
Əmir Əli Sərdari İrəvani çıxış edərək Hüseynəli xan nəslinin şəcərəsi, onların məskunlaşdıqları yerlər haqqında geniş məlumat verib, nəsillər arasında əlaqələrin vacibliyini vurğulayıb.
AMEA-nın Tarix İnstitutunun direktoru müavini Cəbi Bəhramov, tarixçi alimlər Firdovsiyyə Əhmədova, Elçin Qarayev, filoloq Cəlal Allahverdiyev, tədqiqatçı Telman Qasımov çıxış edərək İrəvan şəhərinin tarixi keçmişi haqqında danışıblar.