Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına kitabxanasının əməkdaşları Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində olublar.
Mərkəzdə “Vətənpərvərliyin gənclər arasında təbliği” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində səyyar kitab xidməti təşkil edilib.
Tədbirdə bildirilib ki, kitabxana səyyar kitab xidməti ilə yanaşı, mərkəzin müxtəlif layihələrində də iştirak edəcək.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı 169 saylı körpələr evi-uşaq bağçasında “Dünya ölkələrinin nağılları” adlı qiraət saatı keçirib.
Filialın şöbə müdiri Nigar Məmmədova uşaqlara nağıllar söyləyib. Uşaqlar da öz növbəsində kitablarda olan müxtəlif heyvanlarla, nağıl personajları ilə tanış olublar. Rəngarəng kitablar uşaqlarda böyük maraq oyadıb.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı isə oxucularla açıq havada görüş keçirib.
Kitabxana əməkdaşları oxuculara fonda daxil olan kitablar haqqında məlumat veriblər. Oxucular yeni kitablarla tanış olublar. Belə görüşlərin təşkilində məqsəd oxucularla canlı ünsiyyətin qurulması, yeni oxucuların kitabxanalara cəlb edilməsidir.