Qismətə bax ki, avqust ayı gəlincə, musiqisevərlər iki dəfə maestro Niyazinin adını tutub onun ev-muzeyinə yığışırlar. Ayın əvvəlində - 2 avqustda sənətkarın vəfatı günündə, avqustun 20-də doğum günündə.

Bu dəfə də istisna olmadı. Ayın 20-də səhər qədirbilən musiqisevərlər, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Niyazinin Fəxri xiyabandakı məzarını və şəhərdəki abidəsini ziyarət etdilər. Günorta isə görkəmli dirijor-bəstəkarın ruhunun əbədi sakin olduğu mənzilə toplaşdılar.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü söylədikdən sonra muzeyin elmi işçisi Əzirə Abdullayeva Niyazinin yaradıcılıq yolu haqqında çıxış etdi. Çıxış boyu tədbir iştirakçıları muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şounu da izlədilər.

Xalq artisti Ülviyyə Hacıbəyova, hazırda Fransada yaşayan Əməkdar artist, tanınmış pianoçu-pedaqoq Adilə Əliyeva, bəstəkar, Xalq artisti Azər Dadaşov, Niyazinin qohumu, Əməkdar müəllim Telman Ağdamski Niyazi ilə bağlı xatirələrini paylaşdılar. Adilə xanımın çıxışının ardınca onun hələ 9 yaşında ikən Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Niyazinin dirijorluğu ilə ifasının yadigar lent yazısı nümayiş edildi.

Doğum gününə həsr olunmuş konsertdə səhnə daha çox gənclərin idi. Bu da təsadüfi deyil. Çünki Niyazi özü də hər zaman istedadlı gənclərə yardım etmiş, onların sənətdə öz yerini tapmasından ötrü bacarığını əsirgəməmişdi. Bakı Musiqi Akademiyasının tələbələri Aydan Rüstəmzadənin, Safura Aslanovanın, Tutu Məmmədlinin, Fərid Tahiroğlunun, Əli Vahidovun və akademiyanın doktorantı Rüfət Piriyevin, beynəlxalq müsabiqələr laureatı olan bacı-qardaş Əmiraslanovların – məktəbli Şirin və tələbə Nərimanın  çıxışları maraqla qarşılandı.

G.MİRMƏMMƏD