Nəsiminin 650 illiyinin qeyd edilməsi Azərbaycan sənətşünaslığında yeni elmi tədqiqat işlərinin aparılmasına təkan verib. Şairin haqqında filmlərin çəkilməsi, səhnə əsərlərinin hazırlanması, onun obrazının rəssamlıqda, heykəltəraşlıqda, xalçaçılıqda yaradılması sənətşünaslığı yeni tədqiqat obyekti və materialları ilə zənginləşdirir. Hətta elə mühüm materiallar var ki, yaradıldığı vaxtdan illər ötməsinə baxmayaraq, indiyədək layiqincə tədqiqat obyektinə çevrilməyib. Belə az öyrənilmiş sahələrdən biri Nəsimi yaradıcılığının kitab qrafikası sənətindəki təzahürüdür.

Bədii qrafikanın tərkib hissəsi olan kitab qrafikası ötən əsrin 50-80-ci illərində əsl intibah dövrü yaşayıb. O zaman Azərbaycanda kitab qrafikasının inkişafı respublikada mədəniyyət və incəsənətin ümumi inkişafının bir hissəsi olaraq çoxsaylı nəşrlərdə bədii tərtibat nümunəsi kimi təzahür edirdi. Doğrudur, tirajın aşağı düşməsinə, müəyyən qüsurlara baxmayaraq, indi nəşr olunan kitablar say etibarilə əvvəlkindən də çoxdur. Lakin bu kitabların bədii tərtibatında canlı, düşüncəli rəssam əməyi azdır. Müasir dövrdə kitabların bədii tərtibatı əsasən kompüter vasitəsilə aparıldığından, hazır internet materiallarından istifadə edildiyindən kitabla, onun məzmunu ilə bədii tərtibat arasındakı ənənəvi əlaqə zəifləyərək ümumi xarakter alıb, orijinal yaradıcı münasibət itib.

Nəsimi yaradıcılığının kitab qrafikasındakı bədii tərtibat xüsusiyyətlərinə qayıdaq. Bu sahədə son 50-60 ildə yaradılmış xeyli sayda bədii nümunələr, materiallar var. Onların əksəriyyəti tədqiqata cəlb olunmayıb. Doğrudur, həmin materialların bir qismi Nəsimi sənətinin kitab tərtibatı təcəssümü müstəvisində deyil, müxtəlif rəssamların yaradıcılığının öyrənilməsi müstəvisində nəzərdən keçirilib. Lakin onların da sayı çox deyil və mövzunu daha dərindən araşdırmağa ehtiyac var.

Ümumiyyətlə, ədəbi nəşrlərin bədii tərtibatını iki əsas hissəyə bölmək olar: kitabın ümumi (üz qabığı, titul vərəqi, frontispis və arxa qabığı və s.) bədii tərtibatı və illüstrasiyalar.

Nəsimi yaradıcılığına aid kitablar iki qismə bölünür: şairin əsərlərinin çap olunduğu kitablar; şairin həyat və yaradıcılığına həsr edilmiş nəşrlər.

Nəsimi poeziyasının kitab qrafikasında təcəssümü, onun kitablarının bədii tərtibatı Nizami, Füzuli, Vaqif və başqa lirik şairlərin əsərlərinin nəşrinin tərtibatı ilə oxşar cizgilərə malikdir. Bu kitabların bədii tərtibatını İsmayıl Axundov, Əmir Hacıyev, Altay Hacıyev, Kazım Kazımzadə, Validə Sarıcalinskaya, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə, Oqtay Sadıqzadə və başqaları yerinə yetiriblər. İncə, lirik ovqat, Şərq poeziyasına xas bədii-fəlsəfi məzmun və onun özünəməxsus təzahürü bu tərtibatların ideya əsasını təşkil edir. Rəssamlarımız müxtəlif detallar kimi yığcam, lakonik başlıqlardan, təsvirlərdən, rəmzlərdən istifadə ediblər. Məsələn, Xalq rəssamı Altay Hacıyev Nəsimi lirikası üçün ay və ulduzlar, süzən ceyran, rəhil təsvirlərindən istifadə edib.

Altay Hacıyev gənclik illərindən kitab qrafikası sahəsində uğurla fəaliyyət göstərib. Kitab qrafikasına və illüstrasiya sənətinə həvəs ona atası – Əməkdar incəsənət xadimi Əmir Hacıyevdən keçmişdi. Əmir Hacıyev 30-60-cı illərdə Azərbaycan yazıçılarının əsərlərinə çox maraqlı, lakonik, bəzən təbəssümlü, yaddaqalan illüstrasiyalar çəkmişdi. Nəsiminin Mirzağa Quluzadənin tərtib etdiyi, 1962-ci ildə nəşr olunmuş (“Uşaqgəncnəşr”) kitabının rəssamı Altay Hacıyev olub. Kitabın ilk səhifəsində rəssam şairin öz obrazını yaradıb. Bu, çox maraqlı bir təsvirdir. Məlum olduğu kimi, Nəsiminin bugünkü rəsmi təsviri öz başlanğıcını Mikayıl Abdullayevin 1973-cü ildə yaratdığı “Nəsiminin portreti”ndən götürür. Demək olar ki, bütün rəsmi sənədlərdə, ədəbiyyat dərsliklərində bu şəkildən istifadə edilir. Bundan əvvəl isə Sadıq Şərifzadənin 40-cı illərdə yaratdığı Nəsimi portretlərindən istifadə olunurdu. Bu iki surət bir-birindən müəyyən qədər fərqlənirdi. Bunlardan daha öncə - 1941-ci ildə Əzim Əzimzadə də Nəsimi surətini yaratmışdı. Lakin bu, portret yox, Nəsiminin edam səhnəsini əks etdirən tematik rəsm idi.

Altay Hacıyev Nəsimi əsərlərinin 1962-ci il nəşrində şairin surətinin maraqlı variantını təqdim edib. Görünüşünə, oturuşuna, başın, əllərin vəziyyətinə görə bu təsvir Nəsimi obrazına, ümumiyyətlə, şair obrazına uyğundur. Lakin burada Nəsimi xeyli qoca – təxminən 60 yaşında təsvir olunub. Şübhəsiz ki, bu, Nəsiminin ən qoca variantlarından biridir və məlum olduğu kimi, şair bu yaşa gəlib çata bilməyib. Rəsm ağ kağız üzərində qara tuşla işlənib. Ümumiyyətlə, kitabın əksər bədii başlıqları bu rənglərlə işlənib, bəzi yerlərdə açıq boz-göy əlavədən istifadə olunub. İllüstrasiya və başlıqlar lakonik kompozisiya və rəng həlli ilə seçilir.

Obrazın geyim həlli də diqqətəlayiqdir. Altay Hacıyevin çəkdiyi qrafik rəsmdə şairin əynində onun bədənini başdan-başa örtən iri, qara əba var. Əbanın altından ağ köynək görünür. Əslində bu, heç köynək də olmayıb sadə, qrafik ümumiləşdirmədir. Nəsiminin başında ətrafı sarıqlı papaq, ayağında isə yanları açıq çust – nəleyin var. Onun belinə qurşaq doladığını da güman etmək olar, lakin yerdə bardaş quraraq oturmuş şair sol dizini qaldırdığından qurşaq görünmür.

Altay Hacıyevin təsvir etdiyi geyim nümunəsi ilə Sadıq Şərifzadənin və sonralar Mikayıl Abdullayevin əks etdirdikləri geyim həlli arasında müəyyən əlaqə, ardıcıl rabitə mövcuddur. Xüsusən baş geyiminin həlli, demək olar ki, hər üç rəssamda eynidir. Yalnız Altay Hacıyevin çəkdiyi rəsmdə əba bir qədər enli, gen-boldur. Bu rəsmdə diqqəti cəlb edən əsas geyim aksesuarı çəkmədir. Çünki heç bir rəssam Nəsiminin çəkməsini təsvir etməyib, şairin bədəninin ayaq hissəsi heç bir rəsmdə yoxdur. Bu mənada Altay Hacıyevin illüstrasiya qismində işlədiyi rəsm istisna hal kimi dəyərləndirilə bilər. Rəsmdə, həmçinin müəyyən sxematik detallar – şairin qarşısında, yerdə rəhil, onun barmaqları arasında qələm və s. nəzərə çarpır. Bu lakonik qrafik rəsmin arxa hissəsində boz-göy rəngli düzbucaqlı pəncərəni və oradan görünən səmanı təcəssüm etdirir. Səmada sxematik, eyni zamanda, şairanə görünüşlü ay (aypara) və ulduzlar nəzərə çarpır.

Maraqlıdır ki, Nəsimi lirikasını canlandıran rəssam ayrı-ayrılıqda iki maraqlı qız surəti də işləyib. Bu surətlər kitabın müxtəlif hissələrində, başlıq kimi verilmiş kompozisiyalarda yer alır. Uzunsaçlı, qaragözlü, qaraqaşlı bu qızlar xarakterik Azərbaycan gözəllərini təcəssüm etdirir. Nəsimi lirikasının ümumi ahənginə müvafiq olaraq hər iki qız lirik tərzdə əks olunub. Belə ki, onlardan biri qəmzəli tərzdə barmaqlarını yanağına dayaq verib, digəri isə əlində tutduğu kiçik güzgüyə baxır. Güzgüdə bu örpəkli, teli yanağında burulmuş qızın qaş-gözü görünür.

Kitab qrafikasında Nəsimi irsini təcəssüm edənlər arasında Oqtay Sadıqzadə, B.Xanəliyev və başqaları da olub. B.Xanəliyev Nəsiminin 1973-cü ildə nəşr edilmiş “Rübailər” kitabının bədii tərtibatçısıdır. Maraqlıdır ki, kitabın ikinci səhifəsində Mikayıl Abdullayevin həmin il yaratdığı Nəsimi portreti yer alır. Lakin kitabın ümumi bədii tərtibatı B.Xanliyevə məxsusdur. Bu tərtibata kitabın titul vərəqi, üz qabığı və içərisindəki rəmzi xarakterli başlıqlar aiddir. Altay Hacıyevdən fərqli olaraq, B.Xanəliyev bədii tərtibatda insan təsvirlərindən istifadə etməyib. Lakin kitabın hər səhifədə əks olunan kiçik ölçülü qrafik başlıqlarda günəş, ay, ulduzlar, quş lələyindən hazırlanmış qələm, burma vərəq, ceyran, bəbir, simurq quşu, şam, pərvanə, xəncər, ox-yay və s. təsvir olunur ki, bu da nəşrin poetik məzmununu bədii təsvir vasitələri ilə daha da qüvvətləndirir. Kitabın içi ağ-qara, titul vərəqi və üz qabığı rəngli işlənib. Titul vərəqinin sarı-qəhvəyi fonunda biri ağ, digəri qara olmaqla iki ceyran, üz qabığında isə bir ceyran təsviri var.

Nəsimi yaradıcılığı Xalq rəssamı Oqtay Sadıqzadənin kitab qrafikasında yüksək bədii peşəkarlıqla işlənib. Rəssam şairin 60-70-ci illərdə nəşr edilmiş bir neçə kitabının bədii tərtibatını verib, onun əsərlərinə ümumiləşdirilmiş illüstrasiyalar çəkib.

Son illərdə Nəsiminin yaradıcılığına, onun dini, siyasi, ictimai baxışlarına, şeir dilinə həsr edilmiş onlarca elmi əsər işıq üzü görüb. Elmi əsər olduqlarına, həmçinin müasir dövrdə çap edildiklərinə görə bu kitablarda illüstrasiyalar yoxdur. Lakin onların əksəriyyəti müəyyən bədii məzmuna malik rəssamlıq-dizayn tərtibatı ilə seçilir. Eləcə də Nəsimiyə həsr edilmiş bədii kitabların tərtibatı diqqətdən kənarda qalmır.

Xalq şairi Qabilin “Nəsimi” poeması bu qəbildəndir. Kitabın üz qabığında tanınmış Azərbaycan rəssamı Nəcəfqulu İsmayılovun “Nəsiminin edamı” əsəri verilib, üz qabığındakı sözlər – kitabın (poemanın) və müəllifin adı həmin şəklin fonunda verilib. Tərtibatın kompüter icraçısı Həyat Mahmudova üz qabığını daha rəngarəng etmək məqsədilə “Qabil” sözünü qırmızı, “Nəsimi” sözünü isə sarı şriftlə yığıb. “Qabil” sözü əsərdəki səma fonunda olduğundan aydın görünür. “Nəsimi” sözü isə əsərin ortasına, onun tünd rənglərlə işlənmiş hissəsinə düşüb. Əgər o da qırmızı olsa idi, o qədər də yaxşı oxunmazdı. Tərtibatçı Nəsimi sözünü sarı rəngdə verməklə həm sözü fondan ayırıb, onun yaxşı nəzərə çarpmasına nail olub, həm də rəng müxtəlifliyi yaradıb.

Qüdsiyyə Qəmbərovanın “Nəsimi şeirində sözün hikmətləri”, Varşavada nəşr edilmiş Nəsimi rübailəri, Qəzənfər Paşayevin “Nəsimi haqqında araşdırmalar” (Bakı, 2010), Nəsiminin “Şərq divanı” (tərtib edəni Qəzənfər Paşayev, dizayner Kamran Məcidov; Bakı, 2018) və bəzi başqa kitabların üz qabığının bədii tərtibatında Mikayıl Abdullayevin 1973-cü ildə çəkdiyi Nəsiminin portreti əsas götürülüb. Tərtibat xüsusiyyətlərindən, formatdan asılı olaraq bəzi kitablarda portret tam, bəzilərində isə (əksər hallarda) yalnız Nəsiminin üzü verilib.

Bəzi elmi nəşrlərin bədii tərtibatında hürufi ideologiyasının vizual kompozisiyalarından istifadə olunur. Məsələn, professor Rəhim Əliyevin “Nəsimi və klassik dini üslubun təşəkkülü” kitabının üz qabığında ərəb hərflərindən yığılmış kişi siması əks olunub. Nəhayət, elə kitablar var ki, burada bədii tərtibatda şəkillər olmur, kompozisiya rəng və şriftlə tamamlanır. Bunlardan Firudin Qurbansoyun “İmadəddin Nəsimi” (Bakı, 2019; tərtibatçı Rəvanə İlhamqızı), Türkan Əsgərovanın “Nəsimi dilinin frazeologiyası” (Bakı, 2015; dizayner Zahid Məmmədov) və başqalarını göstərmək olar.

Xəzər ZEYNALOV
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru