Azərbaycan milli mətbəxi Finlandiyada marağa səbəb olub. Avqustun 18-də paytaxt Helsinkidə “Kulinariya günü” (Ravintolapäivä) münasibətilə böyük tədbir təşkil olunub.
Builki Beynəlxalq Kulinariya Günündə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə Azərbaycan diasporunun nümayəndələri də fəal iştirak edib.
Helsinkinin Hakaniemi rayonunda təşkil olunan tədbirdə Finlandiyada yaşayan azərbaycanlı ailələr xalqımızın zəngin milli mətbəxinin təamlarını yerli ictimaiyyətə tanıtmaq məqsədilə ciddi hazırlıqlar görüb. İştirakçılara milli yeməklərimizlə yanaşı şirniyyatlarımız da təqdim edilib. Bundan başqa, diaspor fəalları yerli ictimaiyyəti ölkəmiz haqqında ətraflı məlumatlandırıb.
Milli mətbəximiz yerli ictimaiyyət nümayəndələri, həmçinin tədbirdə iştirak edən turistlər tərəfindən böyük maraqla qarşılanıb.