“Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Kimsənsə, elə də olmalısan. Özgələrin rollarını və obrazlarını gərək üzərinə götürməyəsən” – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu sözləri 15 il öncə – Azərbaycanın birinci xanımı statusunda cəmiyyət qarşısına çıxarkən demişdi.

Ötən illər ərzində Mehriban xanımın gördüyü genişmiqyaslı işlər, təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr onun səmimiyyət dolu sözlərini təsdiq etməklə bərabər, bu fəaliyyətin əsas məramını, ana xəttini də müəyyən edib: Azərbaycan naminə, ölkəmizin dünyada nüfuzunun daha da artması, onun tarixi irsinin, mədəni zənginliyinin ən yüksək səviyyədə təbliği və tanıdılması, yaşadığımız cəmiyyətdə və ümumilikdə bəşəri ölçüdə insanlar arasında həmrəylik, anlaşma, xeyirxahlıq və şəfqətin daha geniş intişar tapması naminə yorulmadan çalışmaq.

Ziyalı ailəsində böyümüş Mehriban Əliyeva valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrənib. İnsanlara münasibətdə qayğıkeşlik, mədəniyyətə, incəsənətə, ədəbiyyata məhəbbət Mehriban xanımda erkən yaşlarından formalaşmış keyfiyyətlərdir. Bütün bunlar onu ictimai fəaliyyətə qoşulmağa sövq edən əsas məziyyətlər olub.

Mehriban Əliyeva zəngin tarixə malik Azərbaycan mədəniyyətinə hər zaman qayğı və sevgi ilə yanaşıb, ictimai fəaliyyətində, daha sonra isə dövlət işində hər zaman mədəniyyətimizin hamisi kimi özünü təsdiq edib. Mehriban xanımın 1995-ci ildən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun əsas məqsədi də milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, mədəniyyət sahəsində dünyaya inteqrasiyaya töhfə vermək idi. Fondun təsisçiliyi ilə 1996-cı ildən nəşrə başlayan və üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalının da başlıca məramı mədəniyyətimizin təbliği idi.

2004-cü il mayın 10-da yaradılan, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin də başlıca istiqamətlərindən biri məhz mədəniyyətdir. Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətdə olduğu, respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətimizin ən böyük hamisi və qayğıkeşi olub. Onun adını daşıyan, irs və ideyalarını yaşadan Fond da Mehriban xanımın rəhbərliyi ilə bu yüksək missiyanı davam etdirir. Fond bu sahədə ölkəmizdə və xaricdə layihələr həyata keçirir, zəngin mədəni irsimizin, incəsənətimizin təbliği, yaşadılması, dünyaya tanıdılması işinə müstəsna töhfələr verir.

2017-ci ilin 21 fevralında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti və gördüyü hər bir işə onun məsuliyyətini də, məramını dərindən dərk edərək yanaşması bu təyinatı şərtləndirən başlıca cəhətlərdən biri idi. “Mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam”, – deyə həmin gün Mehriban xanım bildirmişdi. Arxada qalan iki il bu sözlərin də təsdiqi oldu.

Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, dünya miqyasında təqdir olunur. Onun ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülməsi, eyni zamanda, Azərbaycanın bu və ya digər ölkələrlə, təşkilatlarla əlaqələrinin inkişafına verdiyi töhfələrin qiymətləndirilməsi deməkdir. Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri adına, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

***

Zaman keçdikcə görülən işlərin miqyası daha aydın nəzərə çarpır. Ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin gələcək nəsillərə əmanət edilməsi, onların başqa ölkələrdə tanıdılması kimi layihələrin həyata keçirilməsi Mehriban Əliyevanın UNESCO-nun qeyri-maddi mədəni irs üzrə xoşməramlı səfiri təyin olunmasından sonra daha geniş miqyas aldı. 2007-ci ildə Qobustan qayaüstü rəsmləri Dünya irs siyahısına daxil edildi. 2008-ci ildən başlayaraq isə qeyri-maddi mədəni irsimizin nümunələri – Azərbaycan muğamı, milli aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalça sənəti, tar və kamança alətlərinin hazırlanması və ifaçılıq sənəti, kəlağayı sənəti, Lahıc misgərlik sənəti, milli mətbəx nümunələrindən lavaş və dolma, eləcə də çövkən – ənənəvi Qarabağ atüstü oyunu, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”, “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” kimi nominasiyalar  UNESCO-nun müvafiq siyahılarına salındı. Dünya İrs Komitəsinin bu günlərdə Bakıda keçirilən sessiyasında isə (7 iyul) Azərbaycan Respublikası tərəfindən irəli sürülən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyası Dünya irs siyahısına daxil edildi. Beləliklə, 2000-ci ildə bu siyahıya salınmış İçərişəhər (Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə) də nəzərə alınmaqla Azərbaycanın mədəni irsinin 3, qeyri-maddi mədəni irsimizin isə 13 nümunəsi UNESCO siyahılarındadır.

Mehriban xanımın fəaliyyətinin mühüm sahələrinin biri tarixi mədəniyyət abidələrimizin bərpası və mədəniyyət obyektlərinin inşası ilə bağlıdır.

Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, mədəniyyətin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, yeni mədəniyyət ocaqlarının yaradılması istiqamətində aparılan işlər Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrdir.

Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik muğam sənətinin inkişafı və təbliği, Azərbaycan milli musiqi irsinin hifz edilməsi, dünya incilərinin Azərbaycanda tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Bakıda Beynəlxalq Muğam Mərkəzinin, Ağcabədidə, Füzulidə (Horadiz), Ağdamda Muğam mərkəzlərin inşası ulu xalq sənətinin inkişafı, yaşadılması, təbliğinə tarixi töhfədir.

Mehriban Əliyevanın rəhbəri olduğu “Azərbaycan muğamları” layihəsi üzrə ərsəyə gələn “Qarabağ xanəndələri” adlı kompakt disklər və nəfis şəkildə tərtib olunmuş kitab Qarabağ muğam məktəbini, onun məşhur nümayəndələrini bir daha dünyaya tanıtdı. Xalqımızın çoxəsrlik muğam tarixini əks etdirən bu musiqi albomu Azərbaycan, ingilis, rus, fransız, alman, italyan dillərində nəşr edilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən qədim muğam sənətimizin qorunub saxlanılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə muğam televiziya müsabiqələri keçirilir. Artıq ənənə şəklini almış bu müsabiqələr 2005, 2007, 2009, 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə  keçirilib, qaliblər Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılıb. 2009-cu ildə Mehriban xanımın təşəbbüsü ilə əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, eləcə də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və digər layihələr artıq musiqi xəritəsində özünə layiqli yer tutub.

***

Mehriban xanım Əliyevanın təşəbbüsü, rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği sahəsində görülən işləri bir yazıda əhatə etmək, sözsüz ki, mümkün deyil. Mədəniyyət isə Mehriban xanımın genişmiqyaslı fəaliyyətində, sadəcə, bir istiqamətdir. Təhsil, səhiyyə, idman sahələrində işlər, ölkəmizdə və xaricdə həyata keçirilən bir çox sosial layihələr, tarixi həqiqətlərimizin dünyada təbliği sahəsində həyata keçirilən davamlı fəaliyyət də bu sıraya daxildir. Və bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın tərəqqisi, daha da güclənməsi yolunda görülən möhtəşəm işlərin tərkib hissəsidir.

Mehriban Əliyeva müsahibələrinin birində “İnsanlarda hansı keyfiyyətlərə qiymət verirsiniz” sualına cavabında demişdi: “Saflığı və mənliyi, səmimiliyi və xeyirxahlığı, ağlı və peşəkarlığı”. Onun bu yüksək dəyərlərin işığında Azərbaycan xalqı və dövləti naminə görəcəyi bir çox işlər hələ irəlidədir. O, ötən illər ərzində üzərinə götürdüyü missiyanı necə şərəflə yerinə yetiribsə, bundan sonra həmin missiyanı uğurla davam etdirəcək.

“MƏDƏNİYYƏT”