Prezident İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.
Dövlətimizin başçısı Yusif bin Əhməd Əl-Osayminin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycanla əməkdaşlığa verdiyi önəmə görə ona təşəkkürünü bildirib.
Baş katib Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının çox mühüm üzvü olduğunu vurğulayaraq ölkəmizin dünyada sülhün və təhlükəsizliyin, o cümlədən müsəlman aləmində İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə verdiyi töhfəsinin əhəmiyyətini qeyd edib.
Görüşdə ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqun genişləndirilməsində mühüm rol oynadığı qeyd edilib, Azərbaycanın dünyada bütün dinlərin və məzhəblərin sülh şəraitində birgə yaşadığı nümunəvi ölkə olduğu bildirilib, 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının önəmi vurğulanıb.
Söhbət zamanı Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.