Azərbaycanın Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov bu ölkənin mədəniyyət və kommunikasiya naziri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Laaraca “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalını təqdim edib.
Səfir Azərbaycan ilə Mərakeş arasında mədəni əlaqələrin inkişafında Məhəmməd Laaracın xüsusi rolunu qeyd edərək onun həm nazir, həm də Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri qismində səmərəli fəaliyyətinin Azərbaycan Hökuməti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Nazir Məhəmməd Laarac Azərbaycan diplomatiyasının yubiley medalı ilə təltif olunmasına görə dərin minnətdarlığını ifadə edərək bundan sonra da ölkəmizlə münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı, birgə tədbirlərin təşkili, hər iki ölkədə keçirilən beynəlxalq əhəmiyyətli mədəni tədbirlərdə qarşılıqlı iştirak ətrafında fikir mübadiləsi aparılıb.