Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Şeyxülislam Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə ölkəmizin ən ali təltifinə layiq görülüb.
***
Avqustun 26-da Şeyxülislam Allahşükür Paşazadənin 70 yaşı tamam olub. Prezident İlham Əliyev Allahşükür Paşazadəni anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir: “Xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı Siz həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmisiniz. Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərmisiniz”.
Dövlət başçısı Şeyxülislam Allahşükür Paşazadənin təkcə Azərbaycanın deyil, həm də dini lideri olduğu bütün Qafqaz müsəlmanlarının problem və qayğılarının beynəlxalq ictimaiyyətə çatdırılmasında rolunu, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun dərinləşməsinə sanballı töhfələrini qeyd edərək ona uzun ömür, möhkəm cansağlığı, nəcib və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.