Milli Kitabxanada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş sərgi açılıb
Avqustun 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Milli-mənəvi dəyərlərin təəssübkeşi” adlı kitab sərgisinin açılışı keçirildi. Sərgi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum gününə həsr olunub.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bildirdi ki, 26 avqust Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin hamisi, onların qorunmasında və dünya miqyasında tanıdılmasında əvəzsiz rolu olan Mehriban xanım Əliyevanın anadan olduğu gündür: “Əgər biz milli-mənəvi dəyərlərdən danışırıqsa, onun müstəsna xidmətlərini qeyd etməmək mümkün deyil. Milli Kitabxananın kollektivi adından Mehriban xanımı təbrik edirəm”.
Direktor qeyd etdi ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın böyük rolu var: “Heydər Əliyev Fondunun nəşr etdiyi kitablar Azərbaycanın vizit kartı hesab olunur. Bizim xaricdə iştirak etdiyimiz sərgilərdə Heydər Əliyev Fondunun nəşr etdiyi kitablar da təqdim olunur və çox böyük maraqla qarşılanır. Biz də Milli Kitabxana olaraq həmin kitabların bütün dünya kitabxanalarına göndərilməsinə, təbliğ olunmasına çalışırıq. Biz bu kitabların elektron variantlarını da hazırlayıb oxuculara təqdim etmişik. Bu nəşr layihələrinin gələcək nəsillərə çatdırılmasında üzərimizə düşən missiyanı bundan sonra da layiqincə yerinə yetirəcəyik”.
Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi gördüyü işlərdən bəhs edən Kərim Tahirov dedi: “Bu gün bir sıra tarixi abidələrimiz, mədəni irs nümunələrimiz UNESСO-nun müxtəlif siyahılarında yer alır. Bu uğurlara heç də asanlıqla nail olunmur. Heydər Əliyev Fondu təkcə Azərbaycan mədəniyyətinin yox, bütövlükdə bəşər mədəniyyətinin qorunub gələcək nəsillərə çatdırılmasına töhfələr verir. Mehriban xanım Birinci vitse-prezident kimi də təhsil, mədəniyyət, səhiyyə sahəsində böyük işlərə imza atır. Azərbaycan Milli Xalça Muzeyinin, Beynəlxalq Muğam Mərkəzinin tikilməsi ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən çox əhəmiyyətli layihələrdəndir. Heydər Əliyev Fondunun muğam sənətinin qorunub gələcək nəsillərə ötürülməsi yolunda gördüyü işlər də diqqətəlayiqdir. Bu gün Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələri Mehriban xanımın himayədarlığı ilə gerçəkləşir. Heç bir ölkədə milli musiqi Azərbaycandakı qədər dövlət tərəfindən qorunub yaşadılmır”.
Sonra Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbir iştirakçıları “Milli-mənəvi dəyərlərin təəssübkeşi” adlı sərgi ilə tanış oldular. Sərgidə Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş nəşrlər təqdim edilir.
Fariz HÜSEYNOV