İndoneziyanın Azərbaycandakı səfirliyi sentyabrın 11-15-də Bakıda 4-cü İndoneziya mədəniyyəti festivalı keçirəcək. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq. Festivalda İndoneziyanın Təhsil və Mədəniyyət, Gənclər və İdman, eləcə də aidiyyəti digər nazirlikləri təmsil olunacaq.
Bu barədə avqustun 23-də İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fənani festivala hazırlıqla bağlı keçirilən tədbirdə məlumat verib. Səfir festivalın sentyabrın 11-də Heydər Əliyev Sarayında, 13-15-də isə Fəvvarələr meydanında təşkil ediləcəyini bildirib.
Diplomat qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, budəfəki festival da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələri Azərbaycanda təqdim edəcək. Bu festival İndoneziya xalqının Azərbaycanda daha yaxından tanınmasına mühüm töhfə verəcək. Eyni zamanda İndoneziyadan iqtisadiyyat, turizm və digər sahələri təmsil edən iş adamları da Azərbaycana gələcəklər. Musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələri də festivalda iştirak edəcəklər.
Belə tədbirlərin ölkələrimiz arasında münasibətlərin səviyyəsini də nümayiş etdirdiyini vurğulayan səfir festivalda Azərbaycan Dillər Universiteti tələbələrinin də çıxış edəcəklərini deyib: “Azərbaycan Odlar yurdu, İndoneziya isə Odlar halqası ölkəsidir. İndoneziya vulkanlarla əhatə olunub. Bu bənzərlik xalqlarımızı bir-birinə bağlayır”.
Diplomat onu da vurğulayıb ki, İndoneziya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. İndoneziya parlamentinin sədri yaxın günlərdə Bakıda səfərdə olarkən bunu bir daha bəyan edib.
Tədbirdə iştirak edən İndoneziya parlamentinin nümayəndəsi Həsən Hüseyn ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıqdan bəhs edib. O deyib ki, dövlətlərarası münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu əməkdaşlıq elm, təhsil və mədəniyyət sahələrində də özünü göstərir.
Təqdimat mərasiminin sonunda İndoneziyanın milli musiqiləri səsləndirilib.