Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu ingilisdilli nəşri – Yaxın Şərq bölgəsi üzrə, eləcə də region üçün mühüm sayılan ölkələrlə bağlı maraqlı yazı və reportajlar hazırlayan “Khaleej Times” qəzetində Azərbaycan Milli Xalça Muzeyi barədə material yayımlanıb.
23 avqust 2019-cu il tarixində dərc olunan “Sehrli xalçalar diyarı olan Bakı ilə tanışlıq” başlıqlı yazıda müəllif Şeyx Ayaz muzeyin yeni binasının gözəlliyi və möhtəşəm memarlığı, eləcə də kolleksiyaların zənginliyi haqqında məlumat verir, xalçanın və xalçaçılıq sənətinin Azərbaycan xalqının mədəni irsi, məişət və mənəviyyatında xüsusi rolundan bəhs edir. Bildirir ki, Azərbaycan Milli Xalça Muzeyi qədim sivilizasiyanın bu beşiyində xalçaçılığın mənəvi dəyərlərini əks etdirir.
Müəllif yazır: “Azərbaycanlıların arasında belə bir qədim məsəl var: “Xalçamı sərdiyim yer mənim evimdir”. Xəzər sahillərində neft bumu və yüksəliş mərhələsi yaşayan çağdaş dövr başlamazdan çox illər öncə bu ölkə xalçaçılıq sənəti ilə tanınırdı. Əfsanəyə görə, çox zaman elə ailə üzvü olan qadının toxuduğu xalça onun gündəlik həyatında mühüm rol oynayaraq və Azərbaycan insanının estetik qavrayışını formalaşdırmağa kömək edərək, insanı bu dünyaya gələndən gedənədək müşayiət edir”.
Müəllif Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın sözlərini xatırladaraq deyir ki, Azərbaycan mədəniyyətində xalça evin bəzək elementi, yaxud mərasimlərin bir hissəsi olmaqdan daha böyük anlam ifadə edir. Xalça daha çox milli xarakterin nadirliyini, xeyli tarixi dövr və üslubların qovuşduğu bədii zövqü əks etdirir.
Yazı müəllif, paytaxtımızı “Xəzər sahilindəki Paris” adlandıranlara haqq verərək, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Heydər Əliyev Mərkəzi kimi, Xalça Muzeyinin binasını da Bakının bəzəyi kimi səciyyələndirir, onu Şərq nağıllarındakı ən qəribə atributa – uçan xalçaya bənzədir.
Qeyd edilir ki, çoxəsrlik xalçaçılıq ənənələrini qoruyub yaşatmaq üçün 1967-ci ildə yaradılmış Azərbaycan Milli Xalça Muzeyində minlərlə ən müxtəlif xalça məmulatı, tikmələr, milli qadın və kişi geyimləri, zinət əşyaları qorunur. Azərbaycanın hər bölgəsinin özünəməxsus xalça çeşnilərinin, Bakı, Şirvan, Təbriz, Quba, Gəncə və Qazaxda toxunan xalçaların yüzdən artıq naxış kompozisiyasının olduğu, onların bir-birini təkrar etmədiyi vurğulanır.
Müəllif yazır ki, istənilən azərbaycanlı ailəsinin mənzilində sadəcə, döşəməyə sərilmiş xalça ilə yanaşı, sənət əsəri kimi divardan asılmış xalça da görmək olar. Xalça məmulatlarından pərdə, örtük, ya da süfrə kimi istifadə olunur. Həndəsi naxışları ilə məşhur xalça çeşnilərinin təbiətdən, yerli folklordan, mədəniyyət və ədəbiyyatdan ilhamlanaraq yaradıldığı nəzərə çatdırılır: “Məsələn, XVII əsrin sonlarına aid “əjdahalı” Qarabağ xalçası qeyri-adi “həyat ağacı” motivi ilə seçilir. “Xətai” kompozisiyalı xalça qrupuna aid edilən bu xalçalar xarici ölkələrdə çox məşhur olduğundan Səfəvilər sülaləsi dövründə Avropaya daşındığı üçün ölkədə, demək olar ki, qalmayıb”.
Əjdahanı şər qüvvənin rəmzi kimi tanıdan qədim mifik baxışlardan fərqli olaraq, bu regionda həm də səma, qəhrəmanlıq və məhsuldarlıq assosiasiyası doğurduğunu xatırladan müəllif yenidən muzeyin direktoruna müraciət edir: “Şirin Məlikova Abşeron rəmzləri salınmış zili xalçalarının qədim məbədlərin qalıqları olan, torpağın od püskürdüyü, güclü küləyinsə Xəzər dənizinin sularını coşdurduğu, yəni kainatın dörd ünsürünün qovuşduğu “müqəddəs torpaq” kimi vəsf etdiyini deyir: “Bu xalçada od rəmzi olan tovuzquşu təsvirini görmək olar”.
Müəllif muzey ekspozisiyasında çox bəyəndiyi bir xalçadan da bəhs edir. Leyli və Məcnunun eşq hekayətinə həsr olunmuş xalçada həyatın qaynadığı küçə həyatının fonunda Leylinin yolunu gözlədiyi aşiq Məcnun qolları qandallı təsvir olunub.
Azərbaycanlı qız gəlin köçərkən cehizinin üstündə özünün toxuduğu xalçanı da ər evinə aparırsa, ər evində onun əlindən çıxmış xalça bütün əmlakdan daha dəyərli hesab edilir.
Məqalə Milli Xalça Muzeyinin direktorunun sözləri ilə bitir: “Azərbaycan xalçaları regionun mədəni-coğrafi fonu, yunun keyfiyyəti, xovun uzunluğu və həmçinin müxtəlif təbii boyaqlardan asılı olan naxışları ilə seçilir. Bizim xalçalar Azərbaycan tarixinin bütün mərhələlərini, onun folklorunu, ədəbiyyatını, həmin ərazidə yaşayan xalqlarla bağlı inancları əks etdirir. Xalça bizim bütün tariximizin salnaməsi, onun mənəvi təcəssümünün məğzidir”.
Məqaləni ingilis dilində bu linkdə oxumaq olar: https://www.khaleejtimes.com/travel/exploring-baku-land-of-magic-carpets
Hazırladı: GÜLCAHAN