Azərbaycan, rus və ingilis dillərində elektron toplu hazırlanır
Azərbaycan ta qədimdən müxtəlif dinlərə, mədəniyyətlərə məxsus, dil və etnik fərqliliklərə malik xalqların yaşadığı məkan olub. Çoxmədəniyyətlilik bu gün də Azərbaycanın zənginliyi, milli sərvətidir.
Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra milli mədəni müxtəlifliyin təşviq edilməsi dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. “Azərbaycan yüz illərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da vətəni olmalıdır” – ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda respublika rəhbərliyinə qayıdarkən bəyan etdiyi sözlər sonrakı illərdə həmin siyasətin əsas tezislərindən biri oldu. Prezident Heydər Əliyev hər zaman bir fikri xüsusi vurğulayırdı ki, çoxmillətli, çoxmədəniyyətli ölkə olmağımız bizim sərvətimizdir və bunu qoruyub saxlamalı, dünyaya layiqincə təqdim etməliyik.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həyata keçirilən tədbirlər ölkəmizin dünya arenasında nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini möhkəmləndirir və ölkəmizi mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir. Azərbaycanda yaşayan milli azlıqların mədəniyyət və incəsənətinin, dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycan – doğma diyar” devizi altında azsaylı xalqların ənənəvi incəsənət festivalı keçirilir. Digər qurumlar da müvafiq işlər görürlər. O cümlədən QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihələrin bu istiqamətdə mühüm rolu var.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi tərəfindən icrasına başlanılan layihə də ölkəmizdəki multikultural mühitin, milli azlıqların mədəni irsinin Azərbaycan dövləti tərəfindən qorunub yaşadıldığını dünyaya tanıtmaq, bu istiqamətdə görülən işləri təbliğ etmək məqsədi daşıyır. Layihə üzrə Azərbaycan, rus və ingilis dillərində “Mədəni müxtəliflik dövlətin milli zənginliyidir” adlı elektron toplu hazırlanacaq və təşkilatın saytında (azerbaycanli.org) yerləşdiriləcək. Nəticədə bu mövzuda normativ-hüquqi sənədlər, tədqiqat materialları və məqalələr, həyata keçirilən tədbir və layihələrlə bağlı informasiya bazası toplu şəklində internet məkanda istifadəyə veriləcək.
Qeyd edək ki, ictimai birlik 2009-cu ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Milli eyniyyətdən qlobal dünyaya pəncərə” internet layihəsini həyata keçirir. Ötən müddətdə bu çərçivədə müxtəlif elektron resurslar, o cümlədən Azərbaycan və rus dillərində “Qarabağ tarixi”, “Qarabağ ədəbiyyatı” elektron xronoqrafları yaradılaraq istifadəyə verilib.