Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov son illər ekran işləri müxtəlif festivallarda uğurla nümayiş olunan rejissorlarla görüşüb. Görüşdə Mirbala Səlimli, Elçin Musaoğlu, İlqar Nəcəf, Şamil Əliyev, İlqar Safat və Elxan Cəfərov iştirak edib.
Görüşdə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərin 2014-cü ildə müxtəlif ölkələrdə keçirilən 52 festivalda iştirak etdiyi diqqətə çatdırılıb. Bu fakt Azərbaycan kinosunun dünyaya çıxışının, milli kinematoqrafın beynəlxalq inteqrasiyasının uğurlu başlanğıcı kimi vurğulanıb.
Söhbət əsnasında dünya film fondları və aparıcı kino şirkətləri ilə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması, Azərbaycan filmlərinin yerli tamaşaçılara tanıdılması, kino nümayişlərinə geniş auditoriyanın cəlb edilməsi yolları müzakirə olunub.