Nazirlər Kabinetinin iclasında daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi, bu sahədə görülməli tədbirlər müzakirə olunub
Avqustun 29-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
Baş nazir Novruz Məmmədov iclası açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu ilin 6 ayı ərzində fəaliyyətinin ümumi nəticələri, gömrük işinin sadələşdirilməsi ilə bağlı görülməli olan tədbirlər haqqında” və “Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülməli tədbirlər haqqında” məsələlər müzakirə olunacaq.
Novruz Məmmədov bu gün Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, şəffaf vergi sisteminin formalaşması kimi məsələlərin Prezident İlham Əliyev tərəfindən qarşıya vəzifə olaraq qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 2018-2019-cu illərdə gömrük və vergi sistemində aparılan islahatlar nəticəsində məmur-sahibkar təmasları xeyli azalıb, şəffaflıq və büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artırılıb. Baş nazir əlavə edib ki, elektron xidmətlərin sayının artırılması sahibkar-məmur təmaslarının azalmasına, şəffaf və səmərəli olmasına daha da töhfə verəcək.
“Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülməli tədbirlər haqqında” məsələyə toxunan Novruz Məmmədov vurğulayıb ki, milli mədəni irsin qorunub saxlanılması daim dövlətin diqqət mərkəzindədir. Vurğulanıb ki, bu qayğının təzahürü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda öz əksini tapıb.
“2007-2019-cu illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu hesabına 42 daşınmaz tarix və mədəniyyət abidəsində bərpa, konservasiya və yenidənqurma işləri aparılıb, abidələrin ətrafında geniş abadlıq işləri görülüb. 154 tarixi əhəmiyyətli ərazi və abidədə arxeoloji qazıntı işləri aparılıb, elmi tədqiqatların nəticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduqdan sonra xüsusi fond və muzeylərə təhvil verilib.
Baş nazir mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd edib.
Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Vergilər naziri Mikayıl Cabbarov, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.
İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.
Baş nazir Novruz Məmmədov iclasa yekun vuraraq müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.