Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bütün sosial şəbəkələrdə Azərbaycan dilinin norma və qaydalarına riayət olunması üçün öz təkliflərini verəcək.

Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Monitorinq Mərkəzi kütləvi informasiya vasitələrində, internet resurslarında, reklam daşıyıcılarında, dərsliklərdə və elmi tədqiqat əsərlərində Azərbaycan dilinin maraqlarının qorunmasını təmin edəcək.

Mərkəz bütün internet mediasında Azərbaycan dilinin və dövlətçiliyimizin maraqlarına, milli mənafeyimizə, dilimizin xüsusiyyətlərinə uyğun olaraq onun qorunması və inkişaf etdirilməsi üçün iş aparacaq.

Akademik İsa Həbibbəylinin sözlərinə görə, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi dilimizin reallıqlarının qorunmasında öz xidmətlərini internet məkanda, sosial şəbəkələrdə də göstərəcək. Sosial şəbəkələrə təkliflər veriləcək. Eyni zamanda müxtəlif mexanizmlər vasitəsilə “Google”, “Facebook” və digər internet resurslarında Azərbaycan dilinin qorunması istiqamətində iş aparılacaq və bütün lazımi tədbirlər həyata keçiriləcək.

Akademik Monitorinq Mərkəzinin bu ilin sonuna qədər fəaliyyətə başlayacağını bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev 1 noyabr 2018-ci il tarixində “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq tapşırılıb.

Nazirlər Kabinetinə həmçinin Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təklifləri hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.