Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərlik etdiyi Şabran arxeoloji ekspedisiyası rayon ərazisində yerləşən, eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar aparıb.
İnstitutdan bildiriblər ki, I Çaqqallıqtəpə abidəsində davam etdirilən tədqiqatlar zamanı yeni tapıntılar üzə çıxıb. Bunlardan üstü yüngül konstruksiya ilə örtülmüş dairəvi evləri göstərmək olar. Bu evlərin içində Erkən Tunc dövrünə aid manqal aşkarlanıb ki, bu tip manqallara Kür-Araz mədəniyyətinin yayıldığı bütün ərazilərdə rast gəlinir.
Bundan başqa, qazıntı sahəsinin qərb hissəsində divarları çay daşları ilə hörülmüş dairəvi ev qalığı, həmçinin üç ədəd təsərrüfat quyusu aşkar olunub.
Tədqiqat zamanı üzə çıxmış maddi mədəniyyət nümunələri sırasında çoxlu sayda əmək alətləri, dən və çaxmaq daşları, ox ucluqları, oraq dişləri və bir ədəd küpə tipli bütöv qab da var.
Qazıntı işləri zamanı ərazidən tapılan materialların əksəriyyəti keramika məmulatıdır ki, bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyətinin üstündəki yarımşar formalı qulplar Kür-Araz mədəniyyətinin əsas atributu hesab olunur.
Eyni zamanda qazıntılar zamanı çaxmaq daşından hazırlanmış ox ucluqları aşkarlanıb. Bu da eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində yerli əhalinin əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olduğunu sübut edir. Sümük bizlər, iynələr isə yaşayış məskənində toxuculuq mədəniyyətinin formalaşdığından xəbər verir.
***
Lənkəranın Sütəmurdov kənd sakini Xəyal Məmmədov həyətyanı sahəsində su quyusu qazarkən qədim maddi mədəniyyət nümunələri aşkar edib. Tapıntıların tədqiqi üçün AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə müraciət olunub.
Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları quyuya baxış keçiriblər. Təqribən eni 1, dərinliyi 5 metr olan quyunun profilində qalınlığı 3 metrdən yuxarı olan mədəni təbəqə aşkarlanıb.
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi, fəlsəfə doktoru Samir Kərimovun bildirdiyinə görə, aşkarlanan materiallar 2 qrupa ayrılır. Birinci qrup şirsiz saxsı məmulatıdır. Bunlar əsasən orta tutumlu küplər və işıqlandırma vasitələri olan çıraqlardır ki, onlar da əsasən məişətdə istifadə olunub. İkinci qrup saxsı qalığı isə əsasən şirli saxsı məmulatından ibarətdir. Həmin şirli saxsı məmulatının tədqiqi göstərir ki, burada XII-XIII əsrlərə aid qalın mədəni təbəqəyə malik yaşayış yeri mövcud olub.
Mütəxəssisin rəyinə görə, yanğın izləri, saxsı qırıntıları, kömür qalıqları və qalın kül qatı sübut edir ki, hələ ta keçmişdən burada intensiv həyat olub. Sonralar abidənin üzərində kənd yaşayış yeri salındığından mədəni təbəqə qismən də olsa, dağıntılara məruz qalıb.
Samir Kərimov əlavə edib ki, bu abidəni Sütəmurdov yaşayış yeri kimi də xarakterizə edə bilərik. Tapıntı yeri Lənkəran çayının sahilindən təqribən 700-800 metr aralıda yerləşir. Hələ 2017-ci ildə qonşu Velədi kəndində də Orta əsrlərə aid bu cür yaşayış yeri aşkar edilib. Saxsı məmulatının analizi göstərir ki, bu iki yaşayış yeri arasında bənzərlik var.
Yazılı mənbələrdə Lənkəran şəhərinin əsasının XVII-XVIII əsrlərdə qoyulduğu qeyd olunsa da, əldə olunan, eyni zamanda, təsadüf nəticəsində aşkarlanan maddi mədəniyyət nümunələri Lənkəran şəhəri yaxınlığında yaşayışın hələ XII-XIII əsrlərdə mövcud olduğunu bir daha sübut edir.
Yeni tapıntılar tədqiq olunması üçün Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinə təqdim olunub. Tədqiqat işləri başa çatdıqdan sonra abidə haqqında elmi məqalə hazırlanacaq.