Amansız savaş içində ülvi sevgi hekayəti

Aprelin 15-də Bakıdakı “28 Cinema” kinoteatrında Çanaqqala savaşının 100-cü ildönümünə həsr edilmiş “Son məktub” filminin təqdimatı olub. Təqdimatda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin mərasim iştirakçılarına məktubunu oxuyub.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Prezidentin bu diqqəti Azərbaycan-Türkiyə qardaşlığının daha bir təcəssümüdür.
Diplomat Çanaqqalada baş vermiş qanlı döyüşlərdən söhbət açaraq bildirib ki, bu gün yüz il əvvəl ölüm-dirim mübarizəsinin yaşandığı bir anı yad edirik. Həmin savaşda türk əsgərlərinin göstərdikləri şücaətdən bəhs edən səfir Azərbaycan oğullarının onların yanında olduğunu, onlarla birlikdə döyüşdüklərini diqqətə çatdırıb. Tarix boyunca Azərbaycandan güc aldıqlarını vurğulayan İsmail Alper Coşkun filmin təqdimatına dəstək göstərənlərə minnətdarlığını bildirib.
Filmin ssenari müəllifi və rejissoru Özhan Eren, baş rolun ifaçısı, azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ekran əsərinin ərsəyə gəlməsi prosesindən danışıblar.
Sonra filmin nümayişi olub.
Filmin ssenarisi Çanaqqala savaşından dövrümüzə gəlib çatan bir məktubun əsasında hazırlanıb. Əsas rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyin Avni Danyal, Bülent Şakrak, Nərmin Hüseynova və Barbara Sotelsek çəkiliblər. Ekran əsəri təyyarəçi Salih Ekrem ilə Nihal adlı tibb bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin günlərində onlar Fuat adında kimsəsiz uşağı himayəyə götürürlər. “Kiçik qazi Fuat” ləqəbli bu uşaq Salih Yüzbaşı ilə tibb bacısı Nihalın arasındakı ülvi sevginin yeganə şahidi olur.
Həmin gün keçirilən mətbuat konfransında filmin ssenari müəllifi və rejissoru Özhan Eren ekran əsəri üzərində iş barədə məlumat verib. Rejissor Çanaqqala dastanını əks etdirən filmin ssenarisinin yazılmasına yeddi il əvvəl başladığını diqqətə çatdırıb. O özünün də Azərbaycan əsilli olduğunu, filmdə iki azərbaycanlı aktrisanın rol aldığını bildirib. Baş rolun ifaçısı Nəsrin Cavadzadədir, Nərmin Hüseynova isə filmdə azərbaycanlı tibb bacısını canlandırır. Özhan Eren filmin 100 ölkədə nümayiş olunacağını vurğulayıb.
Qeyd edək ki, istehsalına 20 milyon türk lirəsi sərf edilən “Son məktub” indiyədək qardaş ölkədə çəkilən filmlər arasında ən böyük büdcəsi olan ekran əsəridir.