“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin daha bir filialı – xalça istehsalı emalatxanası İsmayıllı rayonunda yaradılıb. Filial Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2018-ci il tarixli sərəncamına əsasən fəaliyyətə başlayıb.
“Azərxalça”dan bildiriblər ki, respublikamızın bölgələrində xalça istehsalı emalatxanalarının yaradılmasına paralel olaraq, kadr hazırlığına da ciddi diqqət yetirilir. Toxucu kadrların hazırlanması üçün şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil edilir. Tədris-hazırlıq kurslarını bitirənlər sertifikat alaraq ASC-nin filiallarında işlə təmin edilirlər. İsmayıllıda yaradılan yeni xalça istehsalı emalatxanası üçün də tədris-hazırlıq kursu təşkil olunub. Kursa 150 nəfərdən çox toxucu cəlb edilib. İlkin mərhələdə onlardan 50 nəfəri işə götürülüb.
Filialın direktoru Dilşad Hüseynova deyib ki, İsmayıllı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf edib. Zəngin boyaq bitkiləri Şirvanda xalçaçılığın inkişafına müsbət təsir göstərib. Şirvanda toxunan xalçalar orijinal bədii tərtibatı, rəng seçimi ilə yadda qalıb. İsmayıllıda fəaliyyətə başlayan bu filialda fəaliyyət göstərən toxucular bu ənənələri davam etdirəcək, unudulmaqda olan qədim çeşnilərimizi toxuyaraq xalçaçılığın yaşadılmasına öz töhfələrini verəcəklər.
Filialda işləyən toxucuların əksəriyyəti İsmayıllı şəhərinin və Qalacıq kəndinin sakinləridir.
Toxucu Çiçək Paşayeva onlar üçün yaradılan şəraitdən razılıqla danışıb: “Toxucular üçün burada yüksək iş şəraiti yaradılıb. İşıqlı emalatxana binasında çalışır, qədim sənətimiz olan xalçaçılığı yaşadırıq. Bizə göstərdiyi qayğıya görə ölkə başçısına dərin minnətdarlığımızı bildiririk”.
Filial binasında emalatxana, yeməkxana, tibb otağı, konfrans zalı, inzibati otaqlar işçilərin istifadəsinə verilib. Binanın həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Xatırladaq ki, İsmayıllı rayonunda “Azərxalça”nın ilk filialı 2017-ci ildə fəaliyyətə başlayıb.