30-31 avqust tarixində Şamaxı rayonunun Meysəri kəndində ilk dəfə Azərbaycan Üzüm və Şərab Festivalı keçiriləcək. Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunacaq.
Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır. Festival günlərində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq.
Açılış mərasimində qonaqlara musiqili proqram təqdim olunacaq. Üzüm, şərabçılıq və festivalın rəmzləri olan çeşidli dekorasiyalar, instalyasiyalar ilə bəzədiləcək ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, həmçinin qastronomik və etno zonalar fəaliyyət göstərəcək. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim ediləcək. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunacaq.
Tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edəcək, məhsullarını dequstasiya üçün təqdim edəcəklər. İştirakçılar üçün, həmçinin Azərbaycanda şərabçılığın tarixinə dair mühazirə keçiriləcək. Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil ediləcək.
Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçiriləcək. Həmçinin şərabı vəsf edən Şərq və Azərbaycan poeziya nümunələrindən ibarət ədəbi kompozisiya təqdim olunacaq, Ömər Xəyyam, Seyid Əzim Şirvani və digər klassiklərin əsərləri səsləndiriləcək. İştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.
Məşhur aktyor Adriano Çelentanonun iştirak etdiyi “İnadkarın ram edilməsi” filmində üzümün rəqs edərək ayaqla sıxılması səhnəsi – Avropada əvvəllər şərabın hazırlanma prosesini maraqlı bir məşğuliyyət kimi yaddaşlara yazıb. İştirakçılar bu zövqü festivalda yaşaya biləcəklər. Çəlləklərdə üzümün şirəsini tapdalayaraq sıxandan sonra ayaq izlərini əks etdirdikləri dəsmalları da özləri ilə xatirə olaraq apara biləcəklər.
Festival çərçivəsində xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Natiq Şirinov, Əməkdar artist Miri Yusif və digər tanınmış incəsənət ustaları və qruplarının iştirakı ilə konsert proqramları keçiriləcək, diskotekalar təşkil olunacaq, açıq havada şərabçılığa dair filmlər nümayiş etdiriləcək. Festival çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasına gecə turları, İsmayıllı rayonunun Lahıc kəndinə ekskursiyalar, Şamaxı, İsmayıllı, Ağsu rayonları ərazisində yerləşən şərab təsərrüfatlarına dequstasiya turları da təşkil ediləcək. Festivalın saytı (www.winefest.az) da fəaliyyət göstərir.