İsrail vətəndaşlarının 2019-cu ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb.
Bakı 2018-ci ilə nisbətdə 29 faiz artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk onluqda yer alıb.
İlk onluğa həmçinin Rusiya, Gürcüstan, Bolqarıstan, Kipr və Yunanıstanın şəhərləri də daxildir.
Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistlərlə bağlı kampaniya həyata keçirir. İyul ayından başlayaraq İsrailin 3500 turagentindən ibarət məlumat bazasına Azərbaycan haqqında aylıq elektron bülletenlər göndərilməyə başlanılıb. Həmçinin İsrail mediası üçün Azərbaycana iki infotur təşkil edilib.
Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40 min nəfər təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə Azərbaycana 24 mindən çox İsrail vətəndaşı səfər edib.