Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan “Multikultural Azərbaycan” (multikultural.az) internet resursu 1 sentyabr tarixindən rəsmən fəaliyyətə başlayıb. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən sayt ölkəmizdəki mədəni müxtəlifliyi təbliğ edir.

Sayt “Mədəni müxtəliflik” (mədəniyyət, incəsənət), “Multikulturalizm” (milli siyasət, beynəlxalq sənədlər), “Azərbaycançılıq”, “Tolerantlıq” və s. bölümlərdən, “Milli azlıqlar”, “Xəbər”, “Müsahibə”, “Foto”, “Video”, “Tədbirlər”, “Multikultural nəşrlər” kimi altbölümlərdən   rubrikalardan ibarətdir. Saytın hər üç dildə mobil versiyası, sosial platformalarda səhifələri (Facebook, İnstagram, Tvitter) də istifadəçilər üçün aktivdir.

İnternet resursu Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin icra etdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılması” layihəsi çərçivəsində ərsəyə gətirilib.

Layihə çərçivəsində milli azlıqların informasiya texnologiyalarından istifadə imkanları öyrənilib, Azərbaycan mətbuatında multikultural ənənələr araşdırılıb və saytda yerləşdirilib. Həmçinin müstəqillik illərində milli azlıqların yaratdığı yazılı və elektron media resurslarının statistikası aparılıb, mədəni müxtəlifliyin təbliğində rolları öyrənilib.

Layihənin sonrakı dövründə milli azlıqların mədəniyyətləri, Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən mədəni siyasət təbliğ olunacaq. Dövlətin bu sahədə gördüyü işlər araşdırılacaq, Mədəniyyət Nazirliyinin mədəni müxtəlifliyin təbliğində rolu diqqətə çatdırılacaq.