Yubilyar teatrın səhnəsində

Bu il fəaliyyətə başlamasının 100 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümünü sentyabrın 21-də “Qarabağnamə” tamaşası ilə açacaq. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Teatrın mətbuat xidmətindən bildirilib ki, yeni mövsümdə Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanan və ötən mövsümdə ictimai baxışı olan  tamaşanın premyerası da keçiriləcək. Bundan başqa, ölkə başçısının Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq təntənəli yubiley tədbiri də keçiriləcək.

Teatrda mövsüm ərzində Azərbaycan və dünya dramaturgiyasından daha bir neçə əsərə səhnə həlli veriləcək.

 

30 yaşın sənət havası

 

Yaranmasının 30-cu ildönümünə hazırlaşan Yuğ Dövlət Teatrı mövsümə fərqli tamaşa xəbərləri ilə başlayır.

“Nəsimi ili” ilə əlaqədar olaraq bu teatrda da böyük şairin şərəfinə tamaşa təqdim olunacaq. Yazıçı-dramaturq İlqar Fəhminin şərti adı “Nəsimi” verilən pyesi əsasında tamaşa hazırlanır. Əsərə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verir. Onu da qeyd edək ki, tamaşa teatrla Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsidir.

Repertuar planına uyğun olaraq N.Qoqolun “Dəlinin qeydləri” (quruluşçu rejissor Günay Səttar), bundan başqa, dəvətli rejissorun quruluşunda  M.Vişnekin “Qoca kloun tələb olunur” və İ.Vırıpayevin  “İllüziyalar” əsərləri səhnələşdiriləcək.

Teatrın 30 illiyi ilə əlaqədar dekabr ayında təntənəli yubiley tədbiri keçiriləcək.

 

Gənclər şəhərinin səhnəsi

 

Yeni mövsümdə premyeralara hazırlaşan sənət ocaqlarından biri də Sumqayıt Dövlət Dram Teatrıdır. Cəfər Cabbarlının 120 illiyi münasibətilə ədibin “Solğun çiçəklər” əsərinə müraciət edən teatrda tamaşanın ilk nümayişi sentyabrın 21-də keçiriləcək.

Sentyabrın sonlarında isə tamaşaçılara Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş “Sevgilim Sumqayıt” tamaşası təqdim olunacaq. Yazıçı-dramaturq Əli Əmirlinin pyesi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyini də səhnə işi ilə qeyd etməyə hazırlaşan yaradıcı heyət ədibin “Danabaş kəndinin əhvalatları” əsəri əsasında da tamaşa hazırlayır. Səhnə əsəri dekabrın sonlarında  teatrsevərlərin ixtiyarına veriləcək.