Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bu il bir neçə tammetrajlı filmin çəkilişi tamamlanacaq. Bundan əlavə, 2015-ci ildə daha bir neçə filmin çəkilişinə start veriləcək. Çəkilişləri bu il tamamlanacaq ekran əsərlərindən biri "Əsgərin şücaəti" filmidir. Ssenari müəllifləri Yavər Rzayev, Konstantin Vorobyov, quruluşçu rejissoru Elxan Cəfərovdur. Filmdə Qarabağ müharibəsi ilə İkinci Dünya müharibəsində baş verən hadisələr sintez edilib.
Azərbaycan və Rusiyanın birgə çəkdiyi "Qırmızı bağ" filminin rejissoru və ssenari müəllifi Mirbala Səlimlidir.
Hazırda istehsalına başlanan "Dünyanı sənlə anlamaq" filmi isə lirik komediya janrında olacaq. Ssenari müəllifi İmir Məmmədli, quruluşçu rejissoru Mirsadıq Ağazadədir. Film azərbaycanlı gənclə gürcü qızının çox qəribə şəkildə cərəyan edən sevgi münasibətlərindən bəhs edir.
Rejissor Yavər Rzayev isə Xalq yazıçısı Çingiz Abdullayevlə birgə yazdığı ssenari əsasında "Xeyirlə şərin rəqsi" adlı detektiv filmin çəkilişinə başlayıb. Film yazıçının məşhur romanlarından biri - "Quba kapriççosu" əsasında çəkilir.