Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının, milli dramaturgiyanın ən görkəmli nümayəndələrindən biridir. Qüdrətli sənətkar ədəbiyyat tariximizdə həm də istedadlı şair kimi tanınır. Cümhuriyyət dövründə vətənpərvərlik ruhunda bir sıra şeirlər qələmə alıb. Bir çox şeirlərinə mahnı bəstələnib. Cabbarlının zəngin ədəbi mirası bu gün də tədqiq və təbliğ olunur.
Avqustun 31-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və cabbarlışünaslıq” monoqrafiyasının və Cabbarlının bir sıra lirik, satirik və vətənpərvərlik mövzusunda şeirlərinin toplandığı “Ölkəm” kitabının təqdimat mərasimi keçirildi.
Tədbir Mədəniyyət Nazirliyi, C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşdı. Hər iki kitab ictimai birliyin “Müasir cəmiyyətdə maarifçiliyin və milli mədəniyyətin inkişaf etdirilməsi məqsədilə Cəfər Cabbarlının yaradıcılığının təbliği” layihəsi çərçivəsində görkəmli ədibin 120 illik yubileyi münasibətilə işıq üzü görüb. Layihənin rəhbəri və kitabların redaktoru C.Cabbarlının ev-muzeyinin direktoru, ictimai birliyin sədri Qəmər Bağırovadır.
İştirakçılar əvvəlcə ədibin həyat və yaradıcılığına həsr olunan foto və müxtəlif nəşrlərdən ibarət sərgi ilə tanış oldular.
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək sovet dönəmində C.Cabbarlının yaradıcılığının tam şəkildə tədqiq olunmamasından danışdı, müstəqillik illərində bu sahədə böyük işlərin görüldüyünü dedi. Cəfər Cabbarlının 120 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli sərəncamına uyğun olaraq çoxsaylı tədbirlərin həyata keçirildiyi diqqətə çatdırıldı.
K.Tahirov Cabbarlı irsinin tanınmış tədqiqatçısı Asif Rüstəmlinin ədibin milli istiqlal hərəkatı ilə bağlı apardığı araşdırmaları, bu mövzuda nəşr olunan elmi əsərləri yüksək qiymətləndirdi. C.Cabbarlının ev-muzeyi və ədibin adını daşıyan ictimai birliyin bu istiqamətdə həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulandı.
Sonra filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Cəfər Cabbarlı və cabbarlışünaslığa elmi-nəzəri baxış” mövzusunda məruzəsi dinlənildi.
Filologiya elmləri doktorları, professorlar Əsgər Əlizadə, Tahirə Məmmədli, şair, yazıçı Əlirza Xələfli, professor Yəhya Əliyev, Naxçıvan Dövlət Universitetinin dosenti Xanəli Kərimli, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı və digərləri çıxış edərək təqdim olunan kitabların əhəmiyyətindən söz açdılar. Qeyd olundu ki, “Cəfər Cabbarlı və cabbarlışünaslıq” kitabında böyük ədibin irsinin elmi cəhətdən araşdırılmasının inkişaf mərhələləri vurğulanır. Kitabda son yüz ildə dramaturqun həyat və yaradıcılığı haqqında qələmə alınmış irili-xırdalı əsərlər haqqında geniş məlumat verilir. Hər iki kitab böyük yazıçının yubileyinə qiymətli töhfədir.
Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirdi.
Təqdimatın sonunda professor Asif Rüstəmli Cabbarlının yaradıcılığından söhbət açdı, kitabın ərsəyə gəlməsində yardımçı olan hər kəsə minnətdarlığını ifadə etdi.
Tədbirdə həmçinin dramaturqun ev-muzeyi tərəfindən hazırlanan və ədibin ömür yolunu əks etdirən videoçarx nümayiş olundu. Filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının ifasında Cabbarlının şeirləri səsləndirildi.
Lalə AZƏRİ