Rusiyalı biznesmenlər Qod Nisanov və Zarah İliyev dünyada dağ yəhudilərinin ilk muzeyini Azərbaycanda yaradırlar.
Quba rayonundakı Qırmızı Qəsəbədə dünyada ilk dağ yəhudiləri muzeyinin açılışına hazırlıq işləri görülür. Layihənin müəllifləri və sərmayədarları moskvalı iş adamları Qod Nisanov və Zarah İliyev, həmçinin STMEQİ xeyriyyə fondudur. Qırmızı Qəsəbənin yetirmələri olan mesenatlar Rusiyada çoxdan yaşamalarına və fəaliyyət göstərmələrinə baxmayaraq öz kiçik vətənlərini də unutmurlar. Məişət əşyalarının, milli geyimlərin, kitabların, dağ icmasının tarix və ənənələrinin qorunacağı muzeyin yaradılması ideyası bir neçə il bundan öncə meydana gəlib. 2017-ci ildə onun həyata keçirilməsinə başlanılıb. Muzey üçün binanın qəsəbədə olan 7 sinaqoqdan biri – Karhoq sinaqoqunun seçilməsi rəmzi məna daşıyır. Bu ibadət yeri sovet hakimiyyəti dövründə ərzaq anbarı kimi istifadə olunub. Sərmayəçilər qərara gəliblər ki, muzeyin əsas eksponatı elə sinaqoqun binası olmalıdır. O, ilkin eskizlərə uyğun olaraq bərpa olunub.
Daxilində mümkün qədər daha çox eksponatın yerləşdirilməsi üçün bina iki yarusa bölünüb. Sərgi zalları ilə yanaşı, onun zirzəmi hissəsində konfrans zalı, kitabxana və ehtiyat otaq yaradılıb.
Muzeyin eksponatlarla təmin edilməsi vəzifəsini STMEQİ fondu öz üzərinə götürüb. Bu, dünyada dağ yəhudilərini birləşdirən ən böyük təşkilatdır. Fond muzeyin bədii tərtibatını da özü həyata keçirib. Muzeydə müxtəlif kitablar və sənədlər, məsələn, ktuba – nikah ayini müqaviləsi təqdim edilir. Bir çox qədim nəşrlər indiyədək qorunub saxlanılan cuuri üzərində semit, fars və türk dillərinin sintezi şəklində təqdim olunur. Qod Nisanov və Zarah İliyev əmindirlər ki, bir yerdə toplanılmış kitablar gələcəkdə dağ yəhudilərinin danışdıqları unikal dialektin öyrənilməsinə də kömək edəcək.
Qırmızı Qəsəbə öz-özlüyündə turistləri cəlb edən unikal bir məkandır. Bakının 168 kilometrliyində yerləşən qəsəbəni Yəhudi Slobodası da adlandırıblar. Onun postsovet məkanında dağ yəhudilərinin yeganə kompakt yaşayış məkanı olması da maraq doğurur. Ekspertlər qeyd edirlər ki, yalnız Azərbaycan yəhudiləri öz kimliklərini qoruyub saxlaya bilib, heç vaxt təqiblərə, talanlara və antisemitizmə məruz qalmayıblar. Azərbaycandakı milli çoxluq hər zaman vurğulayıb ki, o özünün multikulturalizm və tolerantlıq ənənələrinə sadiqdir.
Ötən ilin sonunda Qırmızı Qəsəbədə olan dramaturq və İsrailin Baş nazirinin qardaşı İdo Netanyahu xüsusi olaraq qeyd edib ki, Azərbaycanda qədim ənənələrin qorunub saxlanılmasına həssas yanaşırlar. Netanyahu yerli sinaqoqları və Qod Nisanov və Zarah İliyevin tikintisini həyata keçirdikləri muzeyi də ziyarət edib.
Qəsəbənin daha bir qürur mənbəyi onun sakinləridir. Buradakı dağ yəhudiləri əsrlər boyu dostluq və anlaşma şəraitində yaşayıblar. Qəsəbənin sakinləri həm də Azərbaycan və rus dillərini mükəmməl bilirlər. Lakin onlar öz yaxınlarının və doğmalarının qəbirlərini ziyarət edərkən yalnız cuuri dilində danışırlar.