Xəbər verdiyimiz kimi, 30-31 avqust tarixində Şamaxı rayonunun Meysəri kəndi ərazisində Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə ilk dəfə Üzüm və Şərab Festivalı keçirilib.

“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan festivalın açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Kənd Təsərrüfatı naziri İnam Kərimov və digər çıxış edənlər layihənin əhəmiyyətindən söz açıblar.

Açılış mərasimindən sonra təşkil olunan konsertdə tanınmış müğənnilərin, rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu, xalq artistləri Aygün Kazımova və Samir Cəfərovun ifalarında festival üçün hazırlanmış repertuar təqdim olunub.

Sonra şərab sərgisi açılıb. Şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər. Şərab istehsalçılarının paradı təşkil olunub. Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilib.

Festival məkanında Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri də təqdim edilib. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunub.

Avqustun 31-də keçirilən yoqa, açıq havada Şərq döyüşləri üzrə məşq hər kəsdə xoş təəssürat yaradıb.

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festival çərçivəsində təşkil olunan sərgi və pavilyonlarla tanış olub. Leyla Əliyeva yerli üzüm və şərab istehsalçıları ilə görüşüb, iştirakçılarla xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.