Şərqi Avropa və Mərkəzi Asiyanın ən böyük kitab forumunda ölkəmizin guşəsi də maraqla qarşılanır
Rusiya paytaxtında ənənəvi olaraq payız mədəniyyət mövsümü kitabla başlayıb. Sentyabrın 4-də 32-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirilib.
33 ölkənin təmsil olunduğu sərgi-yarmarkada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan stendi də fəaliyyət göstərir. Ölkəmizin 36 kvadratmetr sahədə qurulan stendində 200 adda, 400 nüsxədən çox kitab nümayiş olunur.
Mədəniyyət Nazirliyi ilə yanaşı, “Azərnəşr” və “Şərq-Qərb” nəşriyyatları, “Azərkitab” kitab ticarəti mərkəzi də sərgidə iştirak edir.
Əvvəlki illərlə müqayisədə daha geniş sahədə və xüsusi dizaynda qurulmuş stendimiz sərgiyə gələnlərin diqqətini çəkir, ziyarətçilər Azərbaycan kitabları ilə də maraqla tanış olurlar. Müxtəlif nəşriyyatların, təşkilatların nümayəndələri də stendimizə baş çəkərək azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparır, gələcək əməkdaşlıq imkanlarını müzakirə edirlər.
Sentyabrın 8-dək davam edəcək yarmarka ənənəvi məkanda – Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) 75-ci pavilyonunda keçirilir. 1977-ci ildən təşkil (iki ildən bir) olunan, 1997-ci ildən etibarən hər il keçirilən Moskva sərgi-yarmarkası Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ən böyük kitab forumudur. Bu il sərgi-yarmarkanın fəxri qonağı Belarus Respublikasıdır. Xüsusi qonaq isə 2019-cu ilin “Dünya kitab paytaxtı” – Birləşmiş Ərəb Əmirliklərinin Şərca Əmirliyidir.
Sərgidə xarici ölkələrdən 150-dək və Rusiya Federasiyasından 300-dən çox nəşriyyat-poliqrafiya müəssisəsi, digər aidiyyəti qurumlar öz nəşr məhsullarını nümayiş etdirir. Sərgi-yarmarkanın proqramına ümumilikdə 600-dən çox tədbir – görüşlər, təqdimatlar, mühazirələr və s. daxildir.
Sentyabrın 6-da sərgi çərçivəsində MDB-nin ənənəvi “Kitab sənəti” beynəlxalq müsabiqəsinin qalibləri diplomlarla təltif olunacaq.