Azərbaycanın ilk və tək inklüziv “ƏSA” teatrının 3 yaşı tamam olub. Teatr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub.

“Əngəlsiz. Sərhədsiz. Azad” devizi altında fəaliyyət göstərən teatrda 30-a yaxın əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir.

Dünya və Azərbaycan ədəbiyyatı nümunələrinə quruluş verən teatr indiyədək V.Şekspir, C.Steynbek, M.F.Axundzadə və M.Meterlinkin əsərləri olmaqla beş tamaşa və bir perfomans təqdim edib. Həmçinin Azərbaycanın bölgələrini gəzməyi qarşısına məqsəd qoyan teatr Naxçıvan və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib.

“ƏSA” teatrı “Nəsimi ili” ilə bağlı böyük şairin həyat və yaradıcılığına həsr olunan anterpriza hazırlayır.