Sentyabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış yəhudi şairəsi Raxel Bluvşteynin (1890-1931) Azərbaycan dilinə tərcümə olunmuş şeirlər toplusunun təqdimatı keçirilib.
Kitabda müəllifin Azərbaycan dilinə tərcümə olunmuş şeirləri ilə yanaşı, ivrit dilində əsərləri də yer alıb. Kitabın Azərbaycan dilinə tərcümə olunması səfirliyin təşəbbüsü ilə reallaşıb.
İsrailin ölkəmizdəki səfirinin müavini Avital Rosenberq tədbirdə çıxış edərək bildirib ki, nəşr İsrail xalqının mədəniyyətini Azərbaycana tanıtmaq məqsədi daşıyır. Kitabın tərcüməsində daha öncə rus dilinə tərcümə olunmuş mətnlərdən istifadə edilib.
Kitabı dilimizə çevirən ssenarist, şair və tərcüməçi Vaqif Rəsuloğlu bildirib ki, bu, onun yəhudi şairlərindən ilk tərcüməsi deyil. O, həmçinin “İsrailin 100 şairi” kitabının tərtibçi-tərcüməçisidir.
Tədbirdə çıxış edən Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev deyib: “Böyük şəxsiyyətlərin ömrü yaşadığı illərlə deyil, gördüyü əməllərlə ölçülür. Mən Raxilin həyatı ilə tanış olanda onun acı taleyini hiss etdim”.
Mərasimdə Raxel Bluvşteynin Azərbaycan dilində şeirləri səsləndirilib.
Azərbaycan Dillər Universitetinin tələbəsi Gülər Tağıyeva müəllifin ivrit dilində “Doğma torpağım” adlı şeirini oxuyub. Vokalçı Yekaterina İsayeva müəllifin şeirinə bəstələnən “Kədərli motiv” mahnısını ifa edib.
Raxel Bluvşteyn 1890-cı ildə Saratovda anadan olub. Uşaqlığı və gəncliyi Poltavada keçib. Yəhudi məktəbində oxuyub, həmin vaxtlarda da şeir yazmağa başlayıb. 1909-cu ildə Rusiyanı tərk edərək indiki İsrail dövlətinin Rehovot şəhərinə köçüb. 1913-cü ildə aqronom olmaq məqsədilə Tuluza (Fransa) şəhərinə təhsil almağa gedib. Az keçməmiş Birinci Dünya müharibəsi başlayıb və geri qayıda bilməyib. Rusiyaya gedərək orada yəhudi qaçqınlarının uşaqlarına qulluq edib. Orada vərəm xəstəliyinə yoluxub. Raxil ən yaxşı şeirlərini tənha və ağır xəstə vəziyyətində yaşadığı vaxtlarda yazıb. 1931-ci ildə vəfat edib.