Sumqayıt Dövlət Dram Teatrında 51-ci sənət mövsümünün ilk toplantısı keçirilib.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov ötən mövsümdə hazırlanan müxtəlif janrlı tamaşalardan, həyata keçirilən yeni layihələrdən və bu prosesin davamlılığından danışıb.
Bildirib ki, Prezident İlham Əliyevin böyük dramaturq-yazıçı Cəfər Cabbarlının yubileyi ilə əlaqədar imzaladığı müvafiq sərəncama əsasən, sənət ocağında “Solğun çiçəklər” əsasında eyniadlı tamaşa hazırlanır.
Həmçinin qeyd olunub ki, Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümdə bir neçə festivala qatılacaq. Bunun üçün yaradıcı heyətin əzmlə, şövqlə çalışmasının vacibliyini dilə gətirən direktor qarşıda duran planlardan da söz açıb.
Sonra teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov fikirlərini kollektivlə bölüşüb. Xalq artisti son zamanlar yaradıcı heyətin fəaliyyətinin təşviqi və təbliği ilə bağlı görülən işlərə, müxtəlif maarifləndirici layihələr irəli sürdüyünə görə teatrın rəhbərliyinə minnətdarlığını bildirib.
İclasda yeni mövsümdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə olunub.