Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla sentyabrın 4-də vəfat edib.
Abbas Abdulla (Hacaloğlu) 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində doğulub. ADU-nun (BDU) Filologiya fakültəsində təhsil alıb. 1966-cı ildə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunda təcrübə keçib.
“Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri, baş redaktorun müavini (1979-1987), “Ulduz” jurnalının baş redaktoru (1987-1992), Yazıçılar Birliyinin katibi (1991-1992) işləyib. Azərbaycan Respublikasının Türkiyədə baş konsulu (1992-1997) olub.
Ədəbi yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət yetirib. Ukrayna ədəbiyyatından (T.Şevçenko, İ.Draç, İ.P.Kotlyarevski, M.Rılski, L.Ukrainka və s.) çoxsaylı tərcümələr edib.
Moskvada gənc şairlərin V Ümumittifaq poeziya festivalında, Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində, son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda “Xəzər şeir axşamları”nda iştirak edib.
Allah rəhmət eləsin.