Parisdə Misir fironu Tutanhamonun xəzinəsinin nümayiş etdirildiyi sərgi ziyarətçi sayına görə rekord vurub. Sərginin bağlanmasına iki həftə qalmış ona baxmağa gələnlərin sayı 1 milyon 370 min nəfəri keçib. Bu da Fransanın tarixi ərzində sərgi ziyarəti üzrə ən böyük göstəricidir.
Sərgi martın 23-də Parisin La-Vilett parkındakı Qrandal (Grande Halle) mərkəzində açılıb. Ekspozisiyada eramızdan əvvəl 1332-1323-cü illərdə firon olmuş Tutanxamonun sərdabəsindən 150-dən çox artefakt, o cümlədən zinət əşyaları, heykəllər, mərasim əşyaları nümayiş etdirilir. Bu əşyaların üçdəbiri Misirin hüdudlarından kənarda ilk dəfə sərgilənir. Luksor yaxınlığındakı “Padşahlar vadisi”ndə yerləşən Tutanxamon sərdabəsi 1922-ci ildə britaniyalı arxeoloq və misirşünas Hovard Karter tərəfindən aşkar edilib.
Ziyarətçilərin axını azalmadığına görə ekspozisiyanın iş vaxtı artırılıb. Son üç həftə ərzində Qrandal hər gün öz qapılarını səhər saat 8:30-dan ziyarətçilərin üzünə açır. Təşkilatçılar sərginin vaxtını da bir həftə müddətinə - 22 sentyabradək uzadıblar.
Qeyd edək ki, Fransada sərgi ziyarəti üzrə bundan öncəki rekord da Tutanxamon xəzinəsi ilə bağlı olub. 1967-ci ildə Parisdə dörd ay ərzində nümayiş olunan “Tutanhamon və onun zamanı” adlı sərgi 1,24 milyon ziyarətçi qəbul etmişdi. 45 eksponatdan ibarət ekspozisiya o dövrdə Fransada “əsrin sərgisi” adlandırılıb. Sonrakı dövrdə yalnız 2017-ci ildə təşkil edilmiş “Müasir incəsənətin ikonaları” ekspozisiyası 1 milyondan çox ziyarətçi toplayıb.
Tutanxamon sərgisinin budəfəki dünya nümayişi 2018-ci ildə Los-Ancelesdə başlayıb. “Böyük səyahət” çərçivəsində bu artefaktlar dünyanın on böyük şəhərində nümayiş etdiriləcək. Onların tam siyahısı açıqlanmır. Lakin məlumdur ki, növbəti nümayiş yeri London olacaq.
CAVİD