Hədəf Bakıdır...” sənədli filmi Azərbaycanın faşizm üzərində Qələbədə rolunu bütün dünyaya nümayiş etdirəcək
Mayın 4-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib.
Faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).
Filmin nümayişindən əvvəl çıxış edən Arzu Əliyeva Azərbaycan xalqının faşizm üzərində Qələbənin əldə olunmasına verdiyi tarixi töhfələrdən söz açıb. Bildirib ki, xalqımızın bu müharibədə göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq.
Qeyd olunub ki, tarixin bu məqamlarını yaşatmaq və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə sənədli film hazırlamağı qərara alıb: “Biz dünya şöhrətli prodüser Lui Vodevilə müraciət etdik və mən ona bu uğurlu işbirliyinə görə dərin minnətdarlığımı bildirirəm. Çox xoşdur ki, Bakı neftinin şöhrətindən bəhs edən bu filmi dünya ictimaiyyətinə məşhur rejissor Robert Maqnerot təqdim edir. Filmin hazırlanmasında iştirak edən hər bir kəsə öz təşəkkürümü bildirirəm”.
Prodüser Lui Vodevil filmin çəkiliş prosesləri barədə məlumat verib. Sonra film nümayiş olunub.
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. İlkin mərhələdə filmin mövzusu müxtəlif ölkələrin ekspertləri tərəfindən araşdırılıb. Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin süjet xətti xalqımızın faşizm üzərində Qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.
Filmin çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) şirkəti tərəfindən aparılıb. Çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filminin üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb.
Filmin təkcə HD formatına keçirilməsi, bərpası və rənglənməsi üç aydan çox davam edib. Hazırlıq işlərinə 100-dək insanın cəlb olunduğu filmin yaradılmasında “National Geographic” kanalının 10 əməkdaşı, həmçinin ayrı-ayrı ölkələrdən 45 nəfərlik heyət iştirak edib.
Ekran əsəri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub. Film mayın 8-10-da “National Geographic” kanalında, o cümlədən Fransa, İngiltərə, Almaniya, İtaliya, Polşa, Macarıstan, Danimarka, Türkiyə, İspaniya və digər ölkələrdə nümayiş etdiriləcək.