Böyük mesenat, Azərbaycanda mədəniyyət və maarifçiliyin inkişafına mühüm töhfələr vermiş neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində ucaldılacaq heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib məlum olub. Tağıyevin abidəsi tanınmış heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən, təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metro stansiyasının yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.

Qeyd edək ki, Xanlar Əhmədov 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1966-1972-ci illərdə A.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda təhsil alıb, 1972-1975-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının aspirantı olub. 1975-ci ildən SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar rəssam” fəxri adına, 2006-cı ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə “Xalq rəssamı” fəxri adına layiq görülüb.

O, dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışır. Bir sıra icra olunmuş monumental layihələrin, “Azadlıq prospekti” metro stansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Xocalı faciəsini əks etdirən silsilə əsərlər yaradıb. Əl işləri Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdə nümayiş etdirilib, muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Xalq rəssamı mediaya açıqlamasında bildirib ki, Tağıyevin abidəsi ilə bağlı hələ on il əvvəl eskizlər hazırlayıbmış. Müsabiqə üçün layihə işləyərkən onlardan da istifadə edib. O, müsabiqəyə üç formada heykəl variantı təqdim edib: Tağıyev oturan yerdə, ayaq üstə və faytonda. Nəticədə Tağıyevin ayaq üstə olduğu variant seçilib.

Heykəltəraş bildirib ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətində məsul şəxslərlə görüşdən sonra heykəlin hazırlanmasına başlanılacaq. O, heykəlin tuncdan, postamentin isə qara qranitlə qırmızı qranitin qarışığından olacağını deyib. Heykəlin 3-3,5 metr, pyedestalın isə 1-1,5 metr hündürlükdə olması nəzərdə tutulur.