Mayın 6-da Nizami Kino Mərkəzində “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib. Ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi və Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev üç ildən sonra Azərbaycan kinosunun 120 illik yubileyinin təntənəli şəkildə qeyd ediləcəyini vurğulayıb. Bildirib ki, ötən dövrdə kino tariximizə onlarla dəyərli ekran əsərinin, görkəmli sənətkarların adları yazılıb.
Cəmil Quliyev çıxışında ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara böyük diqqət və qayğısından söz açıb. Qeyd edib ki, ümummilli liderin 70-80-ci illərdə respublikaya rəhbərliyi dövründə bir çox kino işçilərinə fəxri adlar verilib, “Azərbaycanfilm” kinostudiyasının texniki bazası möhkəmləndirilib: “Müxtəlif vaxtlarda çəkilmiş bəzi filmlərin sovet ideologiyasının tələblərinə tam cavab vermədiyi üçün ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə yenə də Heydər Əliyev gəlib. “Bir cənub şəhərində” və “İstintaq” bədii filmlərini buna misal göstərə bilərik. O dövrdə milli kinoda tarixi köklərə qayıdış hiss olunub, “Nəsimi”, “Dədə Qorqud”, “Babək” kimi filmlər çəkilib”.
Bildirilib ki, Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə hər il avqustun 2-də Azərbaycan Kinosu Günü qeyd edilir.
Ulu öndərin kino sahəsində çalışanlara diqqət və qayğısı, bu istiqamətində həyata keçirdiyi böyük işlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafı üçün geniş imkanlar yaradır.
Tədbirdə çıxış edən Xalq artisti, kinorejissor Tofiq İsmayılov və Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov ulu öndərlə görüşlərindən, onunla bağlı xatirələrindən söhbət açıblar.
Əməkdar incəsənət xadimi Aydın Kazımzadə “Heydər Əliyev kino haqqında” kitabı üzərində işlədiyini qeyd edib, ümummilli liderin çıxışlarında kino haqqında dediyi bir sıra fikirləri diqqətə çatdırıb.
Sonda Heydər Əliyev Fondunun 10 illiyi münasibətilə hazırlanmış film nümayiş olunub.