Azərbaycanlı dizayner Rüfət İsmayıl sentyabrın 4-dən 11-dək davam edən Nyu-York moda həftəsi çərçivəsində özünün 30 modeldən ibarət “Xarıbülbül çiçəyi” adlı yeni kolleksiyasını dünyanın məşhur “fashion” məkanı olan “Springs Studio”da təqdim edib.
Bu kolleksiyanı yaratmağa dizayneri Azərbaycanın Qarabağ bölgəsində bitən xarıbülbül çiçəyi ruhlandırıb. Çiçəyin təbii bənövşəyi və çəhrayı rəngli naxışı və görünüşü kolleksiya üçün istifadə olunan bənövşəyi, narıncı, yaşıl və çəhrayı rəngli parçaların həm rənglərində, həm strukturunda əksini tapıb.
2020-ci ilin yaz mövsümünün kolleksiyasının təqdimatından danışan dizayner deyib ki, burada səslənən Azərbaycanın Xalq artisti Aygün Kazımovanın ifa etdiyi “Vokaliz” kompozisiyası (musiqi – Eldar Mansurov) “Xarıbülbül” kolleksiyasının təqdimatını tamamlayır.
Tədbirdə iştirak edən müğənni Aygün Kazımova Rüfət İsmayılın moda nümayişini yüksək qiymətləndirib.
Xatırladaq ki, bu moda nümayişi azərbaycanlı dizaynerin Nyu-Yorkdakı üçüncü tədbiridir.