Mədəniyyət və ədəbiyyat xadimlərinə dövlət təltifləri təqdim olundu

Sentyabrın 12-də Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatların təqdim olunması mərasimi keçirildi.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və ədəbiyyat sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Hər bir yaradıcılıq nümunəsinin arxasında fitri istedadla yanaşı, gərgin əmək dayanır. Sevinirəm ki, dövlətimiz bu fədakar əməyi daim qiymətləndirir. Yaradıcı axtarış elə prosesdir ki, burada həm də bir özünəməxsusluq var. Hər bir yaradıcı insanın əməyi xalq tərəfindən də yüksək dəyərləndirilir”.

Nazir vurğuladı ki, bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə göstərilən qayğıdır. Hazırda mədəniyyətimiz dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlarda qəbul olunur. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub.

Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycanın mədəni həyatı maraqlı hadisələrlə zəngindir: “Artıq teatr və konsert müəssisələri mövsümü açır. Bu il də ölkəmizin mədəni həyatı öz zənginliyi ilə seçiləcək. Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı və digər böyük tədbirlər keçiriləcək”.

Daha sonra nazir mükafatları sahiblərinə təqdim etdi. Dövlət başçısının sərəncamları ilə baletmeyster Maqsud Məmmədov və rejissor Mərahim Fərzəlibəyov “Şöhrət” ordeninə, şair Vahid Əziz “Xalq şairi” fəxri adına, aktyor və rejissor Cahangir Novruzov, müğənni İlqar Muradov, pianoçu Cavanşir Zeynallı, aktyorlar Vidadi Həsənov və Vidadi Əliyev “Xalq artisti” fəxri adına layiq görülüblər. Şair Vaqif Bayatlı Odər, yazıçılar Elçin Hüseynbəyli və Firuz Mustаfа “Əməkdar incəsənət xadimi” fəxri adı, rejissorlar Zülfüqar Abbasov və Oktay Əlizadə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar. Bundan əlavə, bir qrup mədəniyyət və incəsənət xadimi “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adları və “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

Bütün təltif olunanları təbrik edən Əbülfəs Qarayev mədəniyyətimizin inkişafında onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Təltif olunan sənət adamları çıxış edərək onlara təqdim edilən mükafatın böyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olundu.

F.HÜSEYNOV