Sentyabrın 11-də “Landmark” hotelində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə 17-27 sentyabr tarixində Bakıda gerçəkləşəcək “Qız qalası. Qadın olmaq” müasir incəsənət festivalı ilə bağlı mətbuat konfransı keçirildi.
Tədbirdə Aİ-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, 1-ci müşaviri Denis Daniilidis, festivalın kuratoru, Əməkdar rəssam Sabina Şıxlinskaya və Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri iştirak edirdi.
Kurator Sabina Şıxlinskaya bildirdi ki, festivalın adı təsadüfən “Qız qalası. Qadın olmaq” seçilməyib. Bu mövzu Azərbaycan qadınlarının təməl hüquq və azadlıqlar, o cümlədən seçki hüququ əldə etməsinin 100 illiyi ilə əlaqəlidir. Layihənin proqramına müxtəlif səpkidə müasir incəsənət kontekstində beynəlxalq sərgi, ictimai incəsənət, videoart, poeziya gecəsi, tematik film nümayişləri, ustad dərsləri daxildir.
Aİ-nin Azərbaycan üzrə nümayəndəliyinin 1-ci müşaviri Denis Daniilidis bildirdi ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 101 yaşı tamam oldu.
Bu respublika o dövrdə bir sıra Avropa ölkələrindən əvvəl qadınlara azadlıq vermişdi. Bu, təqdirəlayiq hal idi.
Qeyd olundu ki, festivalda Avstriya, Almaniya, Hollandiya, İsveç, İsveçrə, Macarıstan, Gürcüstan, Moldova, Ukrayna, İran, İsrail, Türkiyə, Argentina, Meksika, Braziliya və Kolumbiyadan sənət xadimləri, mədəniyyət mütəxəssisləri, muzey direktorları, kurator və rəssamlar iştirak edəcəklər.
Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini gender bərabərsizliyinin hələ də bir sıra ölkələrdə qalmasına təəssüfləndiyini bildirdi:
“Bu məsələni həll etmək üçün biz təsirli addımlar atmalıyıq. Qadınlar haqqında yaradılan zərərli stereotipləri aradan qaldırmaq lazımdır. Mən bu festivalı Azərbaycanda qadın haqlarına verilmiş töhfə hesab edirəm”.
Aİ-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas qeyd etdi ki, Avropa Şurası və Avropa Birliyi insan haqlarını birləşdirən dəyərdir: “Bu təqdimat da bunun bir parçasıdır. Festival bizi qadınların problemləri haqqında düşünməyə, müsbət tendensiyalar ətrafında birləşməyə vadar edir”.
Sonra media nümayəndələrinin sualları cavablandırıldı.
Qeyd edək ki, “Qız qalası. Qadın olmaq” layihəsi “İmagine-Avro Tolerantlıq” və “Fantaziya” mədəni irs festivallarından sonra Avropa İttifaqı nümayəndəliyi tərəfindən maliyyələşdirilən üçüncü böyük tədbirdir.
Nurəddin MƏMMƏDLİ